Qobustan həbsxanasında saxlanan Taleh Bağırovun xanımı əri ilə görüşə "telefon keçirmək istəyib"

Taleh Bağırov

Şəklin mənbəyi, Meydan TV

Şəklin alt yazısı, Taleh Bağırov
Çap edildi

Penitensiar xidmət Qobustan həbsxanasında saxlanan ilahiyyatçı Taleh Bağırovun həyat yoldaşının əri ilə görüşə gedərkən "uşaq çantasında mobil telefon" aşkarladığını bildirib.

Qurum iddia edir ki, Taleh Bağırovun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Leyla İsmayılzadənin gətirdiyi sovqata və əşyalara baxış keçirilərkən "uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd "Samsung" markalı mobil telefon və bir ədəd danışıq kartı" aşkarlanıb.

Penitensiar xidmət bununla bağlı araşdırma aparır, qurumun saytında bildirilib.

«Müsəlman Birliyi» hərəkatının fəal üzvü Hüseyn Abdulxaliq BBC News Azərbaycancaya bildirib ki, onlar da bu xəbəri Ədliyyə Nazirliyi Penitensiar xidmətin saytından oxuyublar: "Biz Leyla xanımı görüşə apardıq, 1 saat gözlədik, əmin olduq ki, içəri keçib, geri qayıtdıq".

Onun sözlərinə görə, Leyla İsmayılzadə bazar günü qayıdacaq: "Bu məsələyə onun özü aydınlıq gətirəcək".

Leyla İsmayılzadə həyat yoldaşı Taleh Bağırovla görüşdə olduğu üçün onun özü ilə əlaqə saxlamaq cəhdi alınmayıb.

Taleh Bağırzadə kimi tanınan «Müsəlman Birliyi» hərəkatının sədri Taleh Bağırov 2015-ci ildə saxlanıb. O, Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq, qəsdən adam öldürmə, qanunsuz silah saxlama maddələri üzrə ittihamlar edilərək 18 il həbs cəzası alıb.

Taleh Bağırov ittihamları qəbul etməyib. Bəzi insan haqları müdafiəçiləri Taleh Bağırovun hakimiyyətin tənqidçisi olduğu üçün həbsə atıldığını iddia edir.