Binə qəzası: Qatarla avtobusun toqquşmasında yaralanan daha bir nəfər ölüb

qatar
Çap edildi

Binədə qatarla avtobusun toqquşması zamanı xəsarət alanlardan daha bir nəfər ölüb.

Bu haqda BBC News Azərbaycancaya xəstənin müalicə aldığı Baku City Hospital xəstəxanasının baş həkimi Ələkbər Kərimov məlumat verib.

Onun sözlərinə görə, 30 yaşlarında olan xəstə onlara ağır vəziyyətdə gətirilib və oktyabrın 22-də ölüb.

"Xəstə çoxsaylı sınıqlar, döş qəfəsi və ağciyər zədələnməsi ilə çox ciddi vəziyyətdə gətirilmişdi. Bizim versiyamıza görə, xəstənin ölümünə piy emboliyası (qan dövranı pozğunluqları) səbəb olub. Bunun dünyada müalicəsi demək olar ki, yox səviyyəsindədir", - Ələkbər Kərimov bildirib.

Xəstə onlara 3 saylı Şəhər Kliniki Xəstəxanasından gətirilib.

Oktyabrın 1-də Bakının Binə qəsəbəsində 160 saylı sərnişin avtobusunun yük qatarı ilə toqquşması nəticəsində 3 nəfər ölüb, azı 42 nəfər yaralanıb. Ölənlərdən biri 12-13 yaşlarında məktəbli olub.

Baş Prokurorluq bildirmişdi ki, fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi üzrə cinayət işi başlanıb.

Avtobus sürücüsü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qəza

Baş prokurorluq bildirib ki, istintaqda hadisə baş verən gün sürücünün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edilib və marşrut xəttinin aid olduğu "Ayşən LTD" MMC-nin dispetçeri barəsində də həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında paytaxtdakı sərnişindaşıma şirkətlərinin işini tənqid edib.

O bildirib ki, özəl sektor ictimai nəqliyyatda özünü doğrulda bilməyib.

Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərin bəziləri BBC News Azərbaycancaya bildiriblər ki, maddi çətinliklərə görə avtobus parkını yeniləyə bilmirlər.

160 saylı avtobus marşrutunun sahibi, "Ayşən LTD" MMC-nin rəhbəri İradə Əliyeva BBC News Azərbaycancaya deyib ki, "Baş verənlərə görə özümü mənəvi cəhətdən günahkar bilirəm":

"Hesab edirdim ki, mən bu sahəni daha dərindən bilirəm, amma indi görürəm ki, işimdə nöqsanlar var".