AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimə yenidən cinayət işi açılıb

Şəklin mənbəyi, TURAN IBRAHİM
AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin həbsdən çıxmağına 1 gün qalmış ona yenidən cinayət işi açılıb.
"Penitensiar xidmətin qaynar xəttindən verilən məlumata görə Məmməd İbrahim haqqında Yasamal rayon məhkəməsi 317.2.1 (cəzaçəkmə müəssisəsində qeyri qanuni əşyaların daşınması 2-6 ay) maddəsi ilə 2 aylıq həbs qəti imkan tədbiri seçib", məhbusun oğlu Turan İbrahim Facebook-da yazıb.
Siyasətçinin oğlunun yazdığına görə, Məmməd İbrahim hal-hazırda Kürdəxanıda Bakı istintaq təcridxanasındadır.
Penitensiar xidmətlə əlaqə cəhdimiz alınmayıb.
AXCP fəalları bununla bağlı aksiya keçirirlər.
AXCP sədrinin müşaviri Məmməd İbrahimi 2015-ci il sentyabrın sonunda AXCP liderinin istefasını tələb edən partiyadaxili qrup üzvünün şikayətindən sonra şübhəli şəxs qismində saxlanılıb.
Mikayıl Quliyev adlı şəxs 2015-ci il sentyabrın 29-da Məmməd İbrahim tərəfindən hücuma məruz qaldığını bildirib.
Noyabrın əvvəlində isə AXCP sədrinin müşavirinə qarşı ittiham ağırlaşdırılıb.
Əvvəlcə "xuliqanlıqda" ittiham olunan cənab İbrahim sonradan "vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi, yaxud digər şəxsə müqavimət göstərməklə xuliqanlıqda" təqsirləndirilib.
3 il azadlıqdan məhrum edilmiş Məmməd İbrahim özünə qarşı olan heç bir ittihamı qəbul etmir və həbsini "siyasi" adlandırır























