London polisinə qarşı ağır ittihamların yer aldığı hesabat: “Qadınları və uşaqları qoruya bilməyən kişi klubu”
Thomas Mackintosh ve Lucy Manning
BBC News

Şəklin mənbəyi, EPA
İngiltərədə bir illik araşdırma nəticəsində hazırlanan hesabatda London Polis İdarəsi "qadınları və uşaqları qoruya bilməyən, irqçilik, qadına qarşı nifrət və homofobiyanın hökm sürdüyü kişi klubu" kimi təsvir olunub.
2021-ci ildə Londonda polis Wayne Couzens tərəfindən qaçırılıb zorlanmış Sarah Everard adlı qadın öldürüldükdən sonra baronessa Louise Casey-ə Polis İdarəsində mövcud olan ab-havanı və standartları araşdırmaq və hesabat hazırlamaq tapşırılıb.
Baronessa Casey-in araşdırması davam edərkən, başqa bir London polisi David Carrick bir neçə qadına qarşı seksual təqib, zorlama və işgəncələrə görə məhkəmə qarşısında dayandı və mühakimə olundu.
Baronessa Casey-in hesabatı dərc edildikdən sonra London polisinin rəisi Mark Rowley londonlulardan üzr istəyib və deyib: "Bu, dəhşətdir. Oturub oxuyursan və bir-birinin ardınca çoxlu emosiyalar yaşayırsan. Bu, qəzəb, ümidsizlik, xəcalət doğurur".
Öz növbəsində Rowley əlavə edib ki, polis orqanları daxilində problemlər barədə məlumat verərək, şikayət edən polis əməkdaşları ilə fəxr edir. O etiraf edib ki, özü də daxil olmaqla, bütün rəsmilər niyə vəziyyətin ciddiliyini görmədikləri barədə düşünməlidirlər və hesabatın bu məsələdə yeni səhifə açacağına ümid etdiyini bildirib.
"Oxuması çətin bir hesabatdır. Ancaq aydındır ki, sistem problemləri çox uzun müddət davam edir”, - Britaniyanın daxili işlər naziri Suella Braverman deyib.
Braverman deyib ki, o, hazırda London polisinin rəisi olan Mark Rowley-nin polisi dəyişdirəcəyinə əmindir.
London meri Sadiq Khan da hesabatın onu təəccübləndirmədiyini bildirib və sistemli problemlərin aradan qaldırılmasının zəruriliyindən danışıb.

Hesabatda nələr var?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Baronessa Casey-nin hesabatı polis tərəfindən zorlanılıb öldürülən Sarah Everard-ın anasına təşəkkür və onun məhkəmədəki ifadəsindən sitatla başlayır. Qeyd olunur ki, araşdırmaya “bu cinayətlər və etibara xəyanətlər” səbəb olub.
363 səhifəlik hesabatda qeyd edilir ki, London Polis İdarəsi institusional olaraq “irqçi, mizoginist (qadına nifrət – red.) və homofobikdir”. Zabitlərin tez-tez seksizmlə qarşılaşdığı, irqçi polis və məmurların olduğu, təşkilat daxilində isə dərin homofobiya olduğu bildirilir.
Baronessa Casey qeyd edir ki, Londonda "xalqın istəyilə hərəkət edən polis" ideyası, yəni insanların polisin düzgün hərəkət edəcəyinə və bunu etmədikdə hesaba çəkiləcəyinə inamı yox olub.
Prioritetlər siyahısında londonluların sonuncu yerdə olduğunu, şəhərdə isə artıq yerli polis xidmətinin fəaliyyət göstərmədiyini qeyd edən hesabatda deyilir ki, etnik azlıqlar üçün problemlər daha da pisdir və “rəngli icmalar polis nəzarəti altındadır, lakin lazımi səviyyədə qorunmurlar”.
London Polis Departamenti rəhbərliyinin onilliklər ərzində problemləri inkar etdiyi və bütün sistemin ayrı-seçkilik və zorakılıq davranışlarını aradan qaldıra bilmədiyi deyilir.
Həmçinin polisin qadınları sıxışdıran polis əməkdaşlarından ictimaiyyəti qoruya bilmədiyi qeyd olunur.
Növbətçi zabitlər arasında hələ də Couzens və Carrick kimi zabitlərin olub-olmaması ilə bağlı sualı cavablandıran baronessa Casey deyib: "Mən sizə onların olmadığına dair inandırıcı təminat verə bilmərəm".

Şəklin mənbəyi, Reuters
Nəticələr və tövsiyələr
Baronessa Casey həmçinin qeyd edir ki, şikayətlərə çox vaxt məhəl qoyulmur və qaradərili və etnik azlıqlardan olan polis məmurlarına qarşı şikayətlər ağdərililərdən 81 faiz daha çox mühakimə olunur. O əlavə edir ki, paytaxt polis idarəsinin əhalinin müxtəlifliyini əks etdirmək cəhdləri də nəticə verməyib.
Aşağıda hesabatın bəzi şokedici nəticələri təqdim edilib:
- Keçən yay istilər zamanı maddi sübutlarla dolu şkaf dağıdılıb, nəticədə bütün dəlillər yox olub. Bu səbəbdən bir çox zorlama cinayət işlərinin izi tapılmadan bağlanıb.
- Qadın polislərə qarşı təqiblər arasında onların maşınlarına sidiklə dolu torbaların atıldığı, kişi zabitlərin bir-birinin cinsi orqanlarına toxunduğu, qəhvə fincanlarına seks oyuncaqlarının qoyulduğu bildirilib.
- İstintaq zamanı yeni təyin olunan polislərin üzərinə duşda işəmək kimi bir uydurma mərasim keçirildiyi söylənilib.
- Siqh azlığından olan polislərdən birinin saqqalını kəsib, digərinin əmmaməsini ayaqqabı qutusuna qoyub, bir müsəlman polisin çəkmələrinin içinə də donuz ətini qoyublar.
- Müsahibə edilən hər beş London polisindən biri homofobiya ilə şəxsən qarşılaşdıqlarını bildirib.
Baronessa Casey etiraf edir ki, London polisinə onilliklər ərzində büdcənin kəsilməsi mənfi təsir edib. Lakin deyir ki, 1999-cu ildə MacPherson hesabatından sonra həmin hesabatın nəticələri və tövsiyələri ilə bağlı kifayət qədər iş görülməyib.
Stephen Lawrence adlı qaradərili gəncin irqçi hücumla qətlə yetirilməsindən sonra polisin cinayətkarların tapılması, hadisənin mahiyyətinin müəyyən edilməsi, ailəsinə yardım və cinayətkarların məsuliyyətə cəlb edilməsində yol verilən nöqsanları müəyyən edən MacPherson hesabatında qeyd olunduğu kimi, irqçilik London Polis İdarəsində mütəşəkkil xarakter alıb.
Hesabatının sonunda baronessa Casey London polisində köklü dəyişikliklər üçün 16 tövsiyə verir.
Bunlara müstəqil ekspertlərdən ibarət müfəttişlik, polis namizədlərinin keçmişinin ciddi şəkildə yoxlanması, qadınların müdafiəsi ilə bağlı xüsusi şöbənin yaradılması və yeni hərtərəfli uşaqların müdafiəsi strategiyanın hazırlanması daxildir.
Son 10 ildə məişət zorakılığı hallarının iki dəfə artmasına baxmayaraq, bu məsələ ilə məşğul olan polis qruplarının kifayət qədər kadr və təcrübəyə malik olmadığı vurğulanır və bu çatışmazlığın aradan qaldırılması təklif olunur.
























