Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir

Şəklin mənbəyi, Getty Images
Çərşənbə axşamı Azərbaycan və Ermənistan müdafiə nazirlikləri ötən gecə möqvelərinin atəşə tutulduğunu açıqlayıb, atəşkəsin pozulmasına görə, tərəflər bir-birini ittiham edib.
Ötən cümə günü baş vermiş atışmalarda Ermənistan MN üç hərbçisinin həlak olduğunu, iki hərbçisinin yaralandığını, Azərbaycan MN isə üç hərbi qulluqçusunun yaralandığını açıqlayıb.
Tərəflər atəşkəsin pozulmasına görə bir-birinin məsuliyyət daşıdığını bildirib.
Azərbaycan-Ermənistan sərhədində ölüm və yaralanma ilə nəticələnən davamlı atışma Xankəndində ərzaq çatışmazlığı probleminin həlli ilə bağlı müzakirələrin intensivləşdiyi və Qarabağda siyasi vəziyyətin gərginləşdiyi bir vaxta təsadüf edir.
Çərşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, “ötən gecə saat 01:35-də Ermənistan tərəfi İstisu yaşayış məntəqəsindəki mövqelərindən Azərbaycanın Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub".
“Qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, qurum bildirib.
Emənistan Müdafiə nazirliyi bu xəbəri şərh etməyib.
Qurum çərşənbə günü yaydığı açıqlamada bildirib ki, "ötən gecə saat 00:05-dən 00:20-dək Azərbaycan tərəfi Ermənistanın Geqarkunik rayonundakı erməni mövqelərini atıcı silahlardan atəşə tutub".
Azərbaycan Müdafiə Nazirliyindən BBC Azərbaycancaya bildirilib ki, qurum "Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edir”.
“Qarşı tərəfin yaydığı bu məlumat tamamilə yalandır”, Azərbaycan MN bildirir.
Sentyabrın 4-də Azərbaycan MN bildirib ki, onun Kəlbəcər istiqamətindəki mövqelərinə Ermənistan hərbçiləri tərəfindən müxtəlif çaplı silahlardan "atəş açılıb" və azərbaycanlı hərbçilər "qeyd olunan istiqamətdə cavab tədbirləri görüb".
Ermənistan MN Azərbaycan hərbi mövqelərini atəşə tutmadığını bildirib.
Tərəflər sərhəddəki vəziyyət barədə əlavə məlumat verməyib.

Şəklin mənbəyi, Getty İmages
Azərbaycan-Ermənistan sərhədində günlərdir gərginlik səngimir
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Azərbaycan Müdafiə Nazirliyi şənbə günü axşam saatlarından başlayaraq bazar gününə keçən gecə Ermənistan hərbçiləri tərəfindən Daşkəsən və Naxçıvandakı mövqelərinin “fasilələrlə atəşə tutulduğunu" açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi şənbə günü axşam Azərbaycan tərəfindən mövqelərinin "atəşə tutulduğunu" bildirib.
Azərbaycan Müdafiə Nazirliyi şənbə günü axşam saatlarından bazar gününə keçən gecə Daşkəsən və Naxçıvandakı bölmələrinin “fasilələrlə atəşə” tutulduğunu bildirib.
Ermənistan Müdafiə Nazirliyi şənbə günü axşam Azərbaycan tərəfindən mövqelərinin "atəşə tutulduğunu" bildirib.
Azərbaycan MN bazar günü yaydığı məlumatında bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan “fasilələrlə atəşə” tutub.
“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb”, - Azərbaycan MN-nin məlumatında vurğulanıb.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, şənbə günü günortadan sonra Azərbaycan hərbi qüüvələri onların Norabak kəndi yaxınlığındakı mövqelərini atəşə tutublar, Armenpress yazıb.

Şəklin mənbəyi, Getty Images
Azərbaycan Müdafiə Nazirliyinin şənbə günü açıqladığı məlumata görə, Ermənistan hərbçiləri Sotk istiqamətində yerləşən mövqelərindən Azərbaycanın üzbəüz mövqelərini "minaatanlardan atəşə tutub".
“Azərbaycan tərəfi cavab tədbirləri görüb”, - nazirlik bildirib.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin yaydığı "məlumatın növbəti dezinformasiya” olduğunu açıqlayıb.
Qurum bildirir ki, “Azərbaycan bu yolla təxribatın davam etdirilməsi üçün informasiya bazası hazırlayır”.
Şənbə günü səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın PUA stansiyasını "məhv etdiyini" açıqlayıb, Ermənistan Müdafiə Nazirliyinin bununla bağlı açıqlaması hələ ki, yoxdur.
Azərbaycan Müdafiə Nazirliyi şənbə günü bildirib ki, Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqelərində kəşfiyyat uçuşları keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası "məhv edilib".
Nazirlik qeyd edir ki, “bu stansiyadan Azərbaycan ordusunun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurmuş”.
Ermənitsan Müdafiə Nazirliyi hələlik bu xəbərə münasibət bildirməyib.
Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin ötən gün yaydığı açıqlamalarında tərəflər bir-birini Kəlbəcər-Sotk istiqamətində bir-birinin mövqeyini atəşə tutmaqda ittiham edib.
Azərbaycan Müdafiə Nazirliyi şənbə günü həmçinin, bildirib ki, “Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar edən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilib.
Ermənitsan Müdafiə Nazirliyi xəbəri şərh etməyib.
Şənbə günü Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, “cümə günü Paris-Pekin marşrutu üzrə uçuş edən ABŞ Hava Yollarının B-77L tipli sərnişin təyyarəsinə saat 11:15-dən -11:36-dək, Təl-Əviv-Bakı marşrutu üzrə uçuş edən İsrail Hava Yollarının C-650 tipli sərnişin təyyarəsinə saat 13:30-dan -13:58-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.
“Baş verənlərlə bağlı Rusiya sülhməramlılarının komandanlığı məlumatlandırılıb”, Azərbaycan Müdafiə Nazirliyi xəbər verir.
Sərhəddə baş verənlər: Ermənistan SQ-daki "radikal elementlərin provakasiyası", yoxsa “Azərbaycanın Ermənistana təzyiqinin davamı”? - Təhlilçilər şərh edir

Şəklin mənbəyi, Azertac/GEORGE MENESHIAN
Bakıda yerləşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev BBC Azərbaycancaya bildirib ki, “sərhəddə baş verənlər “Ermənistan silahlı qüvvələri daxilindəki radikal elementlərin provakasiyası ola bilər”.
“Baxmayaraq ki, Paşinyan artıq 5 ildir, hakimiyyətdədir, onun tez-tez müdafiə nazirlərini dəyişməsi orduya nəzarət etmədiyinin göstəricisidir. Ümumiyyətlə, bu gün sərhəddə baş verənlərə Azərbaycanın Xankəndinə yardım aparmasının müəyyən təsiri olsa da, səbəb təkcə bu deyil”, təhlilçi bildirir.
“Əslində, danışıqlar müəyyən sürətlə gedirdi. Paşinyan nəhayət, Qarabağın Azərbaycan olduğunu etiraf etdi. Amma sanki daha sonra, o, prosesdən çəkindi", cənab Şəfiyev əlavə edir.
Təhlilçinin diqqət çəkdiyi məqamlardan biri "xarici qüvvələrin sülhə maneə yaratmasıdır".
O, vurğulayır ki, bəzən Ermənistan-Azərbaycan arasındakı münaqişədə "həm Qərb ölkələri, həm də Rusiya eyni mövqedən çıxış edir".
"Fransanın bugunki mövqeyi, məncə, erməni radikallarını həvəsləndirir, həmçinin, Mariya Zaxarovanın da bu yaxınlarda verdiyi “bütün bu vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından irəli gəlir” açıqlaması da təbii ki, sülhə qarşı şərh idi”, - Fərid Şəfiyev BBC-yə deyir.
Siyasi təhlilçi hesab edir ki, cümə günü Azərbaycan-Ermənistan sərhədində baş verənlər hər hansı irimiqyaslı toqquşmalarla yekunlaşmayacaq.
Şəfiyev həmçinin vurğulayır ki, hazırda Qarabağ ətrafında gedən hadisələrin "necə cərəyan edəcəyini proqnazlaşdırmaq çətindir".
"Çünki Qarabağ erməniləri dialoqa getmir və təklifləri rədd edir. Birincisi, bura bizim ərazimizdir və biz nəyə görə onlarla xarici ölkədə görüşməliyik? İkincisi, onlar deyir ki, biz müstəqillikdən başqa heç nədən danışmaq istəmirik. Yeganə dedikləri odur ki, "biz müstəqil şəkildə gedib-gələk, istədiyimizi edək". Təbii ki, Azərbaycan bunu qəbul etməyəcək. Ona görə də oradakı qurum ləğv olunmalıdır. Azərbaycan bunun üçün müvafiq addımları, lazım olsa, hərblə bağlı addımları da atacaq”, - Fərid Şəfiyev söyləyir.
Ermənistanlı siyasi təhlilçi George Meneshian isə baş verənləri X-da (Twitter) “Azərbaycanın Ermənistana təzyiqinin davamı” kimi qiymətləndirib.
O, "Azərbaycanın atəşkəsi pozduğunu, Ermənistanı yeni müharibə ilə təhdid etdiyini, Qarabağ ermənilərini terrora və aclığa məruz qoyduğunu” yazıb.
“Bakının məqsədləri: Ermənistanın kapitulyasiyası və Qarabağın ermənilərdən təmizlənməsi”dir, - təhlilçi tvitində vurğulayır.

Şəklin mənbəyi, Getty İmages
Sərhəddə gərginlik davam edir
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusunun “guya erməni mülki əhaliyə təhlükə yaratması barədə Ermənistan tərəfinin yaydığı məlumat əsassızdır”.
Qurum “yalnız yalnız legitim hərbi hədəfləri atəşə tutduğunu” bildirib.
Ermənistan Müdafiə Nazirliyinin cümə günü saat 14:30-a olan məlumatına görə, “hazırda atəşin intensivliyi azalıb”. Azərbaycanın bununla bağlı açıqlaması yoxdur.
Daha əvvəl Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, cümə günü saat 12:50 radələrində Azərbaycan tərəfi Sotk istiqamətində PUA və minaatanlardan istifadə edib.
Azərbaycan Müdafiə Nazirliyi isə “məlumatı tamamilə yalan və dezinformasiya” adlandırıb”.
Ermənistan MN Azərbaycanın Sotk istiqamətində “əlavə hərbi və canlı qüvvə yığdığını” iddia edib. Azərbaycan MN bunu təkzib edib, yerli media yazır.
"Ermənistan Kəlbəcərlə sərhəddəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə yığır", - Azərbaycan Müdafiə Nazirliyi son açıqlamasında bildirib.
Ermənistan MN isə Azərbaycanın Ermənistanın sərhədə silah-sursat və canlı qüvvə yığması xəbərini “propaqanda" adlandırıb. Qurum Azərbaycanın bu xəbərləri yaymaqla “öz təxribatını davam etdirmək üçün “əsas” yaratdığını iddia edib.
Bundan əvvəl isə Ermənistan MN yaydığı məlumatda bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin “Sotk yaxınlığındakı erməni hərbi mövqelərinə doğru açdığı atəşin intensivliyi azalıb”.
“Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə bu ölkənin üzərinə düşür”, - Azərbaycan XİN cümə günü yaydığı bəyanatda bildirib.
Rəsmi Bakı bəyan edir ki, Azərbaycan "bundan sonra da bu kimi təxribatların qarşısının alınması üçün bütün lazımi tədbirləri görəcək”.
Ermənistan XİN-i isə cümə günü yaydığı bəyanatda baş verənləri “Azərbaycanın təxribatı" adlandırıb və Azərbaycanın bu yolla "beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və üzərinə götürdüyü öhdəliklərdən qaçmaq məqsədi daşıdığını" bildirib.
Rəsmi Yerevan “beynəlxalq ictimaiyyəti və regionda real sabitlik istəyənləri vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və Azərbaycanı konstruktiv istiqamətə yönəltmək üçün bütün mövcud mexanizmlərdən istifadə etməyə” çağırıb.
Ermənistan Müdafiə Nazirliyi cümə günü yaydığı bəyanatında bildirib ki, Azərbaycanın Sotk istiqamətində sərhəd bölmələrini "atıcı silahlardan və minaatanlardan güclü atəşə tutması nəticəsində iki hərbçisi həlak olub, biri yaralanıb”.
Bundan əvvəl, Azərbaycan MN sentyabrın 1-də səhər saatlarında bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində bir hərbçi yaralanıb.
“Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib və nəticədə daha iki hərbçi yaralanıb”, - deyə Azərbaycan MN əlavə edib ki, cavab tədbiri görülür.

Şəklin mənbəyi, AZƏRBAYCAN MN
Sərhəddə gərginlik Qarabağda siyasi və humanitar vəziyyətin gərginləşməsi ilə eyni vaxta təsadüf edir.
Bu gün separatçı “Dağlıq Qarabağ Respublikasının rəhbəri” Arayik Harutyunyan istefa ərizəsini "parlament"ə təqdim edib, Ermənistan mediası yazıb.
Qarabağda yaşayan ermənilər bir neçə aydır ki, Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.
Azərbaycan Ermənistanın Xankəndinə (ermənilər bu şəhəri Stepanakert adlandırır-red.) göndərdiyi humanitar yardım karvanının Laçın sərhəd-buraxılış məntəqəsindən keçməsinə bir aydan çoxdur ki, icazə vermir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir neçə gündür ki, Xankəndinə göndərdiyi 40 tonluq un məhsulu isə Ağdam-Xankəndi yolunda, rus sülhməramlılarının postu qarşısında giriş icazəsi gözləyir.
Rəsmi Bakı Ağdam-Xankəndi yolu açıldıqdan sonra 24 saat ərzində Laçın sərhəd-buraxılış məntəqəsinin də açılacağını bəyan edib. Separatçı “Dağlıq Qarabağ Respublikası” rəsmiləri isə Laçın dəhlizi açıldıqdan sonra Azərbaycanın yardım təklifini nəzərdən keçirə biləcəklərini deyiblər.
Qarabağda yaranmış ərzaq çatışmazlığına görə, beynəlxalq qurumlar Azərbaycanı Laçın dəhlizini açmağa çağırıb.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BBC Azərbaycancaya bildirib ki, rəsmi Bakı ərazisində “boz zona” yaradılmasını qəbul etməyəcək.
Onun sözlərinə görə, Azərbaycan "kimlərinsə bundan sonra da ölkə ərazisində qeyri-qanuni yaşamasına dözümlü yanaşa bilməz”.






















