Trump İranın ABŞ-ın təkliflərinə verdiyi cavabı "tamamilə qəbuledilməz" adlandırıb

ABŞ Prezidenti Donald Trump İranın təkliflərini bəyənməyib

Şəklin mənbəyi, Getty Images

Çap edildi
Oxuma vaxtı: 14 dəq

ABŞ və İran arasında atəşkəsin 34-cü günündə Yaxın Şərqdə gərginlik davam edir:

  • İran ABŞ-ın müharibəni dayandırmaq təkliflərinə cavab verib.
  • ABŞ və İran arasında gecə saatlarında qarşılıqlı qarşılıqlı hücum olub.
  • Bundan əvvəl, ABŞ-ın dövlət katibi Marco Rubio "Epik Qəzəb" əməliyyatının yekunlaşdığını açıqlamışdı.

Bu və digər xəbərləri aşağıda oxuyun.

İran tərəfi ABŞ-ın müharibəni sonlandırmaq təkliflərinə cavab verib, amma Donald Trump bu cavabı "tamamilə qəbuledilməz" adlandırıb.

İranın yarı-rəsmi Tasnim xəbər agentliyi bildirib ki, vasitəçi olan Pakistan vasitəsilə göndərilən Tehranın təklifi bütün cəbhələrdə müharibəyə dərhal son qoyulmasını, ABŞ-ın İran limanlarına qarşı dəniz blokadasının dayandırılmasını və İrana qarşı başqa hücumların edilməməsinə zəmanət verilməsini əhatə edir.

ABŞ və İsrail tərəfindən fevral ayında başlanılan müharibəyə son qoymaq üçün danışıqları asanlaşdırmaq məqsədilə atəşkəs elan edilib, ara-sıra atəş açılmasına baxmayaraq, əsasən atəşkəsə əməl olunub.

Bu həftənin əvvəlində Trump İrandakı müharibənin "tezliklə bitəcəyini" təkrarlayıb.

Lakin İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İrana qarşı müharibənin bitmiş hesab edilməsindən əvvəl İranın zənginləşdirilmiş uran ehtiyatı "çıxarılmalıdır".

Netanyahu CBS-in "60 dəqiqə" verilişinə verdiyi müsahibədə deyib: "Hələ də sökülməli olan zənginləşdirmə yerləri var".

İran dövlət mediasının məlumatına görə, Tehranın təklifi müharibə ziyanına görə kompensasiya tələbini və Hörmüz boğazı üzərində İranın suverenliyinə vurğu edilməsini də əhatə edir.

Bazar günü İran Prezidenti Məsud Pezeşkian Tehranın təklifinə birbaşa istinad etməsə də, deyib: "Biz heç vaxt düşmən qarşısında baş əyməyəcəyik və dialoq və ya danışıqlardan söhbət gedərsə, bu, təslim olmaq və ya geri çəkilmək demək deyil".

Trump Truth Social-da yazıb: "Mən indicə İranın sözdə "nümayəndələrinin" cavabını oxudum. Xoşlamadım - TAMAMİLƏ QƏBUL EDİLMƏZDİR".

Trump: Hörmüz boğazındakı qarşıdurmaya baxmayaraq, "atəşkəs qüvvədədir"

ABŞ, İran, Donald Trump

Şəklin mənbəyi, Getty Images

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

ABŞ Prezidenti Donald Trump cümə axşamı gecə saatlarında qarşılıqlı atəşdən sonra İranla atəşkəsin hələ də qüvvədə olduğunu bildirib. İlk atəşin kim tərəfindən açıldığı qeyri-müəyyən olaraq qalır.

İran dövlət mediası əvvəlcə Hörmüz Boğazında "partlayışlar" baş verdiyini və bunların "düşmənlə qarşılıqlı atəş" olduğunu xəbər verib. Bu arada İran mediası Tehranda da partlayış səslərinin eşidildiyini bildirib.

Qısa müddət sonra İranın yüksək səviyyəli hərbi komandanlığının bəyanatında ABŞ-ın "hava zərbələrinin" Bəndər Xəmir, Sirik və Qeşm adası sahillərini vurduğu qeyd olunub.

Bəyanatda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə dərhal hücum edildiyi və "əhəmiyyətli ziyan" vurulduğu bildirilib, ABŞ tərəfi isə "atəşkəsi pozmaqda" ittiham edilib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın hücumlarını "səbəbsiz" adlandırıb və donanmaya məxsus idarə olunan raketli esmineslər boğazdan keçərkən İran qüvvələrinin "çoxsaylı raket, pilotsuz uçuş aparatı və kiçik qayıqlarla" hücum etdiyini bildirib.

CENTCOM "təhdidləri aradan qaldırdığını və raket və pilotsuz uçuş aparatlarının buraxılış qurğuları, komanda və idarəetmə mərkəzləri, həmçinin kəşfiyyat, müşahidə və nəzarət məntəqələri daxil olmaqla ABŞ qüvvələrinə hücumlara cavabdeh olan İran hərbi obyektlərini hədəf aldığını" bildirib.

Trump özünə məxsus Truth Social platformasında paylaşımında bildirib ki, ABŞ "sanki kəpənəyin qəbrinə düşməsi kimi, okeana çox gözəl şəkildə düşən" çoxsayda kiçik qayığı məhv edib!

ABŞ Prezidenti sözlərinə "İranlı hücumçulara böyük zərər vuruldu" deyə davam edib.

Trump, həmçinin sülh razılaşması ilə bağlı xəbərdarlığını yeniləyib.

O bildirib: "Bu gün onları necə məğlub etdiksə, əgər razılaşmalarını TEZ bir zamanda imzalamazlarsa, gələcəkdə onları daha sərt və daha şiddətli şəkildə məğlub edəcəyik!"

Gərginlik ABŞ Prezidentinin son günlərdə İranda müharibənin "sürətlə bitəcəyini" deməsinə baxmayaraq artmaqda davam edir.

ABŞ-da fəaliyyət göstərən xəbər platforması Axios bildirib ki, Ağ Ev İranla 14 maddədən ibarət bir anlaşma memoranduma yaxınlaşdığına inanır və bunun daha geniş nüvə danışıqları üçün çərçivə yarada biləcəyi düşünülür.

Çərşənbə günü İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın son təklifinin nəzərdən keçirildiyini və Tehranın mövqeyini pakistanlı vasitəçilərlə bölüşəcəyini deyib.

Pakistanın xarici işlər naziri ölkəsinin "bu atəşkəs vasitəsilə müharibəyə daimi son qoymağa çalışdığını" bildirib.

Ancaq İran parlamentinin yüksək səviyyəli üzvü 14 maddəlik anlaşma memrandumunu "arzular siyahısı" kimi qiymətləndirib.

Həm ABŞ, həm də İran sülh razılaşması üçün şərtləri qəbul edilməzsə, zorakılığın artacağı ilə hədələyiblər.

Trump mayın 6-da Truth Social-da etdiyi paylaşımda yazıb ki, İran razılaşmaya gəlmədiyi halda "bombardman başlayacaq və təəssüf ki, bu, əvvəlkindən daha yüksək səviyyədə və intensivlikdə olacaq".

Bundan qısa müddət sonra İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü İbrahim Rzayi X platformasında bildirib ki, İranın "barmağı tətikdədir" və ABŞ "lazımi şərtləri yerinə yetirməzsə", İran "sərt və peşmanedici cavab verəcək".

Trump daha əvvəl ABŞ-İsrailin İranda keçirdiyi ilk əməliyyat olan "Epik Qəzəb Əməliyyatı"nın "İran razılaşdırılmış şərtləri qəbul edərsə" başa çatacağını demişdi. Bu açıqlamadan əvvəl ABŞ Dövlət katibi Marko Rubio əməliyyatın başa çatdığını və məqsədlərinə çatdığını bildirmişdi.

ABŞ gəmilərin Hörmüz boğazından keçməsi üçün əməliyyatı müvəqqəti dayandırıb

ABŞ, Donald Trump, İran

Şəklin mənbəyi, Getty Images

ABŞ Prezidenti Donald Trump gəmilərin Hörmüz boğazından keçməsini müşayiət edəcək "Azadlıq layihəsi"ni müvəqqəti dayandırdığını bəyan edib.

Trump bu qərarı ABŞ və İran arasında vasitəçilik edən Pakistanın təklifi əsasında qəbul etdiyini deyib.

ABŞ Prezidenti bunu Tehranla "yekun və tam razılaşmaya dair böyük irəliləyişin əldə olunması" ilə izah edib.

İranın dövlət mediası Trump-ın qərarını "geri çəkilmə" kimi təsvir edib və bildirib ki, ABŞ bu addımı qlobal daşımalar üçün əhəmiyyətli olan su keçidinin yenidən açılması məsələsində "davamlı uğursuzluğa" düçar olmasından sonra atıb.

Bununla belə, Ağ Ev rəhbəri İran limanlarının mühasirədə saxlamaqla bağlı qərarın qüvvədə qalacağını bəyan edib.

Trump-ın açıqlamasından qısa müddət əvvəl ABŞ-ın dövlət katibi Marco Rubio deyib ki, qarşıya qoyulan məqsədlərə nail olunduğu üçün ABŞ və İsrailin İrana qarşı apardığı "Epik Qəzəb" əməliyyatı adı verilən hücum başa çatıb.

İran ABŞ-a xəbərdarlıq edib ki, bir daha "bataqlığa düşməsin"

İranın cənubundakı Bəndər Abbas limanı sahillərində Hörmüz boğazında lövbər salmış gəmilər. (4 may 2026-cı il)

Şəklin mənbəyi, ISNA / Getty Images

Şəklin alt yazısı, İranın cənubundakı Bəndər Abbas limanı sahillərində Hörmüz boğazında lövbər salmış gəmilər. (4 may 2026-cı il)

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ı Hörmüz boğazında baş verən bir günlük hərbi hücumlardan sonra "yenidən bataqlığa düşməməsi" barədə xəbərdar edib.

Donald Trampın bazar ertəsi günü başlatdığı "Azadlıq Layihəsi" ABŞ ordusunun iştirakı ilə körfəzdə qalan yük gəmilərinin əsas su yoluna çıxarılmasını hədəfləyir.

Lakin İran boğaza nəzarət etdiyini israrla bildirir. ABŞ rəsmilərinin məlumatına görə isə dünən İran tərəfi hərbi və kommersiya gəmilərinə raket və dron hücumları həyata keçirib.

Tramp ABŞ-ın İranın yeddi "sürətli qayığını" vurduğunu bildirib, Tehran isə bu iddianı təkzib edib.

Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kommersiya gəmilərinə ziyan dəydiyini açıqlayıb.

İranın hücumu, həmçinin BƏƏ-də yerləşən neft anbarında yanğına səbəb olub.

Hörmüz boğazında təxminən 2 000 gəminin ilişib qaldığı təxmin edilir. ABŞ dünən öz bayrağı altında üzən iki gəminin yola düşə bildiyini bildirib.

Maersk gəmiçilik şirkəti isə gəmilərindən birinin ABŞ ordusunun müşayiəti ilə bölgəni tərk edə bildiyini açıqlayıb.

BƏƏ İranın Fuceyra limanındakı neft emalı zavoduna hücum etdiyini bildirib

BƏƏ: İran Fuceyra limanındakı neft emalı zavoduna hücum edib.

Şəklin mənbəyi, AFP via Getty Images

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində Fuceyra Limanındakı neft obyektinin vurulduğunu açıqlayıb.

Yerli rəsmilərin bildirdiyinə görə, hücumdan sonra obyektdə güclü yanğın baş verib.

Hücuma məruz qalma nəticəsində üç Hindistan vətəndaşının yaralandığı bildirilib.

BƏƏ-nin ən böyük limanı və neft anbarı olan Fuceyra, aprel ayının əvvəlində elan edilən atəşkəsdən əvvəl də hücumların hədəfi olmuşdu. Bu hadisə Hörmüz boğazında gərginliyin yenidən artmasından sonra baş verib.

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İran tərəfindən buraxılan üç raketin qarşısının alındığını, dördüncüsünün isə dənizə düşdüyünü açıqlayıb.

Sosial mediada yayılan paylaşımda ölkənin bəzi bölgələrində eşidilən partlayışların raketlərin havada zərərsizləşdirilməsi nəticəsində baş verdiyi qeyd olunub.

BƏƏ rəhbərliyi, həmçinin Hörmüz boğazında bir neft tankerinin hücuma məruz qaldığını da bildirib.

BƏƏ bu hücumları "təhlükəli eskalasiya" kimi qiymətləndirib.

İranın dövlət televiziyası isə adının açıqlanmasını istəməyən bir hərbi rəsmiyə istinadən İranın "BƏƏ-ni hədəf almaq planının olmadığını" bildirib.

ABŞ və Almaniya liderləri İrana görə "atışıb"

ABŞ əsgərləri zirehli texnikaların sırasının yanında dayanıblar

Şəklin mənbəyi, Getty Images

Tabby Wilson

BBC

Almaniya kanslerinin ABŞ-ı İrana görə tənqidindən sonra Donald Trump Almaniyadakı qoşun sayının azaldılmasını "araşdıracağını" bildirib.

Bu, Almaniya kansleri Fridrix Merzin İrandakı müharibəyə tənqidi yanaşmasından və ABŞ-ın İranla danışıqlar aparan tərəf kimi "alçaldıldığını" iddia etməsindən bir neçə gün sonra baş verib.

Trump öz sosial media paylaşımında yazıb ki, "Almaniyadakı qoşunların sayının mümkün azaldılmasını öyrəndiyini və nəzərdən keçirdiyini, həmçinin yaxın müddət ərzində qərar veriləcəyini" bildirib.

ABŞ-ın Almaniyada əhəmiyyətli hərbi mövcudluğu var və ötən dekabr ayından etibarən ölkə daxilindəki bazalarda 36 000-dən çox aktiv xidmətdə olan əsgər yerləşdirilib.

BBC şərh üçün Ağ Evə müraciət edib.

Merz ilk açıqlamalarını bazar ertəsi günü Marsberqdə universitet tələbələrinə müraciəti zamanı edib və onlara "amerikalıların açıq şəkildə heç bir strategiyasının olmadığını" söyləyib.

"İranlılar açıq-aydın danışıqlar aparmaqda çox bacarıqlıdırlar, daha doğrusu, danışıqlardan yayınmaqda mahirdirlər; amerikalıların İslamabada getməsinə və sonra heç bir nəticə olmadan geri qayıtmasına səbəb olublar", – deyə o bildirib.

Trump ertəsi gün özünün sosial şəbəkəsi olan Truth Social-da paylaşım edərək Merzin "İranın nüvə silahına sahib olmasının normal olduğunu" düşündüyünü və onun "nədən danışdığını bilmədiyini" bildirib.

"Almaniyanın həm iqtisadi, həm də digər cəhətdən bu qədər pis vəziyyətdə olması təəccüblü deyil!" – deyə Trampın paylaşımında qeyd edilir.

Çərşənbə günü keçirilən mətbuat konfransında Trump-ın bu paylaşımıyla bağlı suala Merz "Amerika Prezidenti ilə mənim aramda şəxsi münasibətlərin əvvəlki kimi yaxşı olduğunu" söyləyib.

O, hələ də Trump-ın Almaniyadakı ABŞ qoşunlarını azalda biləcəyi təklifinə cavab verməyib.

Son iki ay ərzində ABŞ Prezidenti dəfələrlə 32 üzvlü NATO alyansından çıxmaqla hədələr səsləndirib və təşkilatı "kağız pələng" və "tək istiqamətli küçə" adlandırıb.

Aprel ayının əvvəlində Pentaqonun daxili elektron poçt vasitəsilə sızdırılan bir məktubunda ABŞ-ın İrandakı kampaniyasını dəstəkləmədiyinə inandığı müttəfiqləri cəzalandırmaq üçün potensial tədbirlər ətraflı şəkildə təsvir olunub.

Həmin məktubda ABŞ-ın mövqeyinə görə İspaniyanı NATO-dan çıxarmağa çalışa biləcəyi təklifi də yer alıb.

NATO rəsmisi BBC-yə bildirib ki, alyansın təsis müqaviləsində "NATO üzvlüyünün dayandırılması və ya təşkilatdan xaric edilmə ilə bağlı heç bir müddəa nəzərdə tutulmayıb".

Donald Trump: İran "çöküş vəziyyətində" olduğunu deyir

ABŞ, Donald Trump, İran, müharibə

Şəklin mənbəyi, Getty Images

ABŞ Prezidenti Donald Trump deyib ki, İran ABŞ-dan "Hörmüz boğazını açmasını" istəyib.

Ağ Ev rəhbəri bu barədə özünün Truth Social sosial media hesabında yazıb.

"İran bizə bildirdi ki, onlar "çöküş vəziyyətində"dirlər. Onlar istəyirlər ki, tezliklə "Hörmüz boğazını açaq", - Prezident Trump qeyd edib.

Onun bu açıqlamasına İran tərəfdən hələlik münasibət bildirilməyib.

İran rəsmisi Abbas Əraqçi Putinlə görüşüb: "Strateji tərəfdaşlığımız güclənəcək"

İranın xarici işlər naziri Moskvada Rusiya Prezidenti ilə görüşüb

Şəklin mənbəyi, AFP via Getty Images

Şəklin alt yazısı, İranın xarici işlər naziri Moskvada Rusiya Prezidenti ilə görüşüb

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Moskva və Tehranın "strateji münasibətlərini" yüksək qiymətləndirib, Rusiyanın dövlət televiziyası (RİA) xəbər verib.

O deyib ki, "strateji tərəfdaşlığımız daha da güclənəcək".

RİA bildirib ki, Putin Əraqçiyə ölkəsinin Yaxın Şərqdə sülhün bərqərar olması üçün "hər şeyi etməyə" hazır olduğunu bildirib.

Kreml sözçüsü Dmitri Peskov Rusiyanın İran və ABŞ arasında gələcək danışıqlarda "xoşməramlı və ya vasitəçilik xidmətləri" təklif etməyə hazır olduğunu bildirib.

O əlavə edib ki, "sülhün, zəmanətli sülhün nəticədə qalib gəlməsi və düşmənçiliyə qayıtmaması üçün hər şeyi etməyə hazırdılar.

İran rəsmisi Rusiyaya səfəri zamanı danışıqların pozulmasında ABŞ-ı günahlandırıb

Iran

Şəklin mənbəyi, İran XİN/Getty

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya getdikdən sonra yerli jurnalistlərə verdiyi açıqlamada bildirib ki, ABŞ-ın həddindən artıq tələbləri İslamabadda sülh danışıqlarını uğursuzluğa düçar edib.

Sankt-Peterburda Əraqçi fars dilində verdiyi müsahibəsində və Telegram kanalında paylaşım edərək Yaxın Şərqdəki müharibə ilə bağlı Rusiya müttəfiqləri ilə məsləhətləşəcəyini bildirib.

O, Rusiyadan əvvəl Pakistanda olub, ABŞ-la İran arasındakı vasitəçilərlə danışıb. Abbas Əraqçı jurnalistlərə bildirib ki, müzakirələrdə danışıqların davam etdirilməsi şərtləri müzakirə olunub.

Xarici işlər naziri həmçinin İranın Hörmüz boğazının bağlanmasından da bəhs edib. O bildirib ki, vacib su yolundan təhlükəsiz keçid qlobal məsələ olaraq qalır və Oman da daxil olmaqla qonşuları boğazdakı qarşılıqlı maraqları üzərində sıx əməkdaşlıq etməyə çağırır.

Əraqçi İran və Oman arasında çoxlu ortaq nöqtələrin olduğunu bildirib və əlavə edib ki, iki ölkə arasında boğazla bağlı gələcək danışıqlar üçün razılıq əldə edilib.

Trump ABŞ təmsilçilərinin İran danışıqları üçün nəzərdə tutulan Pakistana səfərini ləğv edib

İslamabad

ABŞ Prezidenti Donald Trump xüsusi elçi Steve Witkoff və kürəkəni Jared Kushner-in şənbə günü İran danışıqları üçün Pakistana nəzərdə tutulan səfərini ləğv edib.

Ağ Ev aprelin 24-də bildirmişdi ki, onlar şənbə günü ölkəyə səfər edəcəklər - amma indi Trump deyir ki, "bütün kartlar bizdədir, amma onlarda heç bir dənə də yoxdur! Danışmaq istəyirlərsə, sadəcə zəng etməlidirlər!!!"

İranın xarici işlər naziri Abbas Əraqçi "ABŞ-ın diplomatiyaya həqiqətən ciddi yanaşdığını hələ görməyib" deyib.

O, Pakistana danışıqlar üçün gedib, lakin Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqaeinin sözlərinə görə, ABŞ ilə İran arasında birbaşa görüş planlaşdırılmır.

Cümə günü Trump İranın "təklif verdiyini" söyləyib, lakin təklifin nə olduğunu bilmədiyini deyib.

Bu arada, İsrail ordusu və Hizbullah döyüşləri davam etdirir, hər iki tərəf bir-birini bu yaxınlarda uzadılmış atəşkəsi pozmaqda ittiham edir.

Trump İsrail və Livan arasında atəşkəsin üç həftə uzadıldığını deyib

ABŞ, İran, İsrail, Livan

Şəklin mənbəyi, EPA

ABŞ Prezidenti Donald Trump İsrail və Livan arasında atəşkəsin üç həftə uzadıldığını bildirib.

O, Truth Social sosial media platformasında deyib ki, bu qərar İsrail və Livan rəsmiləri arasında Ağ Evdə baş tutan görüşdən sonra verilib.

Prezident Trump qeyd edib ki, ABŞ-ın vitse-prezidenti JD Vance və dövlət katibi Marco Rubionun da iştirak etdiyi müzakirələr "çox yaxşı" keçib.

ABŞ Livana Hizbullahdan özünü qorumaq üçün kömək edəcək

"Hizbullahdan özünü qorumaq üçün ABŞ Livana kömək edəcək", Trump yazıb.

O, İsrail və Livan rəsmiləri arasında Ağ Evdəki müzakirələri "çox tarixi görüş" adlandırıb və deyib ki, bu məsələdə iştirakçı olmaq "böyük şərəfdir".

Trump həmçinin gələcəkdə İsrailin Baş naziri Benyamin Netanyahu və Livanın Prezidenti Cozef Aunu Ağ Evdə qonaq etməyi səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.

ABŞ-ın digər təyyarə daşıyan gəmisi Orta Şərqə çatır

ABŞ, texnika, hərb, ordu, dəniz qüvvələri

Şəklin mənbəyi, ABŞ Mərkəzi Komandanlığı

ABŞ-ın USS George HW Bush təyyarə daşıyan hərbi gəmisi Orta Şərqə yaxınlaşır və gəmi artıq ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olub, qurum bildirib.

Mərkəzi Komandanlıq X sosial media hesabında paylaşdığı şəkildə Nimitz sinfinə aid super daşıyıcının aprelin 24-də Hind Okeanında olduğunu bildirib.

Lakin gəminin regiondakı digər gəmilərə qoşulacağı, yoxsa onlardan birini əvəz edəcəyi hələ ki bəlli deyil.

Mərkəzi Komandanlıq daha əvvəl bildirmişdi ki, USS Gerald R Ford adlı dünyanın ən böyük təyyarə daşıyan hərbi gəmisi "Qırmızı dənizdə fəaliyyətini davam etdirir və dəniz təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın 5-ci dəniz donanmasına dəstək göstərir".

ABŞ müharibəni bitirməyə "tələsmir" İran da Hörmüz boğazını açmır

Hörmüz boğazı

Şəklin mənbəyi, Getty Images

Pakistanda sülh danışıqlarına hazırlıqlar davam edir, lakin ABŞ və ya İrandan nümayəndə heyətlərinin iştirak edəcəyi barədə hələlik təsdiq yoxdur.

İran Prezidenti Məsud Pezeşkian Tehranın müzakirələrə açıq olduğunu bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfindən "öhdəliklərin pozulması, blokada və təhdidlər əsl danışıqlara əsas maneələrdir".

ABŞ nümayəndə heyətinə rəhbərlik etməsi gözlənilən vitse-prezident JD Vance ABŞ-dadır, bölgəyə gəlməyib.

Bundan başqa, ABŞ Prezidenti Donald Trump çərşənbə günü başa çatmalı olan atəşkəsi uzatdıqdan sonra İranla müharibənin bitməsi üçün "vaxt çərçivəsi" olmadığını söyləyib.

Ağ Evin mətbuat katibi Karolin Livitt atəşkəsin uzadılmasının müddətsiz olduğunu və yeni bir son tarix olmadığını bildirib.

Hörmüz boğazı ətrafında gərginlik davam edir, İranın baş danışıqçısı ABŞ və İsrail tərəfindən "atəşkəsin açıq şəkildə pozulması"na görə onun açılmasının "mümkün olmadığını" bildirib.

Donald Trump İran yeni təkliflərini təqdim edənə qədər atəşkəsi uzadıb

Tehrandan küçə görüntüsü

Şəklin mənbəyi, Getty Images

Prezident Donald Trump ABŞ-ın Pakistanın tələbi ilə İranla atəşkəsi uzadacağını və İran limanlarının blokadasını davam etdirəcəyini bildirib.

Trump sosial media hesabında yazıb ki, atəşkəsi Pakistanın feldmarşalı Asim Munirin və Baş naziri Şehbaz Şərifin tələbi ilə uzadıb.

O yazır ki, atəşkəs İran liderləri və nümayəndələri vahid təklif irəli sürənə qədər davam edəcək.

"Buna görə də mən Hərbi Qüvvələrimizə blokadanı davam etdirməyi və bütün digər cəhətlərdən hazır olmağı tapşırdım və buna görə də təkliflər təqdim olunana, müzakirələr bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzadacağam", – Donald Trump sosial media hesabında yazıb.

Ağ Ev bildirib ki, İran rəsmiləri ilə razılaşmanı yekunlaşdırmaq ümidi ilə çərşənbə günü İslamabada getməsi gözlənilən ABŞ vitse-prezidenti JD Vance-ın sülh danışıqları üçün Pakistana səfəri ləğv edilib.

İran döyüş meydanı üçün "yeni kartlar" hazırladığını deyib

ABŞ, İran, İsrail, müharibə

Şəklin mənbəyi, Getty Images

ABŞ və İsrailin İranla elan etdiyi atəşkəs razılaşmasının müddəti sona yaxınlaşarkən, hələlik sülh danışıqlarının davam edəcəyini təsdiqləyən heç bir məlumat yoxdur.

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf X sosial media hesabında bildirib ki, rəsmi Tehran "döyüş meydanında göstərmək üçün yeni kartlar hazırlayır" və "təhdidlərin kölgəsi altında danışıqları qəbul etməyəcək".

ABŞ Prezidenti Donald Trump isə bildirib ki, ABŞ və İran arasında aprelin 22-də bitəcək iki-həftəlik atəşkəs razılaşmasının müddətinin uzadılması "ehtimalı çox aşağıdır".

Ağ Ev rəhbəri İranla razılaşmanın əldə edilməsi üçün ona təzyiq göstərildiyi iddialarını da inkar edib.

Bununla belə, ABŞ mediası yazıb ki, vitse-prezident JD Vance aprelin 21-də danışıqlar üçün Pakistana səfər edəcək.

Mənbələrin CNN-ə bildirdiyinə görə, ABŞ və İran arasında danışıqların ikinci raundunun aprelin 22-də Pakistanda baş tutacağı planlaşdırılıb.

Lakin hələlik İranın danışıqlarda iştirak edib-etməyəcəyini təsdiqləyən hər hansı məlumat yoxdur.

Bu arada, ABŞ İrana məxsus karqo gəmisini ələ keçirdikdən sonra da Hörmüz boğazını blokadada saxlamağa davam edir və hər iki tərəf bir-birini atəşkəsi pozmaqda günahlandırır.

ABŞ İranın karqo gəmisinə hücum edib və onu ələ keçirib

Trump, İran, ABŞ

Şəklin mənbəyi, EPA

ABŞ İranın kargo gəmisini ələ keçirdiyini bildirib.

ABŞ və İran arasında danışıqların növbəti raunduna hazırlıq gedərkən, Prezident Donald Trump aprelin 19-da Truth Social sosial media hesabında yazıb ki, ölkəsinin dəniz qüvvələri İrana məxsus karqo gəmisini ələ keçirib.

Ağ Ev rəhbəri qeyd edib ki, bazar günü ABŞ-ın İran limanlarına qarşı tətbiq etdiyi mühasirədən keçmək istəyən "Tuska" adlı İrana məxsus yük gəmisi Oman körfəzində ABŞ-ın Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb və gəmi ekipajına "dayanmaları üçün qanun çərçivəsində xəbərdarlıq" edilib.

"İranlı gəmi ekipajı xəbərdarlığa qulaq asmaqdan imtina edib. Nəticədə dəniz qüvvələrimiz gəminin mühərrik hissəsində deşik açdıqdan sonra onların hərəkətini dayandırıblar", - Trump yazıb.

O qeyd edib ki, gəmi "əvvəllər qanunsuz fəaliyyətinə görə" ABŞ-ın Maliyyə Nazirliyinin sanksiyaları altında olub və indi dəniz qüvvələri "gəmidə nələrin olduğunu araşdırırlar".

İran ABŞ gəmilərinə dronlarla hücum edib – İran mediası yazıb

İran ABŞ-ın Oman körfəzindəki hərbi gəmilərinə dron hücumları həyata keçirib, İranın Tasnim xəbər agentliyi məlumat yayıb.

Hələlik dron hücumları nəticəsində dəyən zərər barədə məlumat verilməyib.

Bir qədər əvvəl isə İranın Xatam Əl-Ənbiya hərbi qərargahı ABŞ-ın İran bayrağı ilə üzən karqo gəmisini ələ keçirməsini "atəşkəsin pozulması" adlandırmışdı və buna cavab verəcəklərini bildirmişdi.

İran dövlət mediasında yayılan bəyanata görə, qurumun sözçüsü deyib ki, ABŞ "Oman dənizində üzən İranın kommersiya gəmilərindən birinə atəş açaraq atəşkəsi pozub, onun naviqasiya sistemini yararsız hala salıb" və dəniz qüvvələrini "gəminin göyərtəsinə göndərib".

"İran İslam Respublikasının Silahlı Qüvvələri buna tezliklə cavab verəcək və ABŞ dəniz qüvvələrinin bu silahlı piratçılıq hərəkətinə görə qisas alacaq", bəyanatda qeyd olunub.

İran: ABŞ-la danışıqlarda irəliləyiş olsa da, tərəflər hələ razılaşmadan uzaqdır

ABŞ ordusuna məxsus AH-64 Apaçi helikopterləri Hörmüz boğazında patrul xidməti həyata keçirir

Şəklin mənbəyi, CENTCOM

Şəklin alt yazısı, ABŞ ordusuna məxsus AH-64 Apaçi helikopterləri Hörmüz boğazında patrul xidməti həyata keçirir

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ ilə müharibəni bitirmək üçün aparılan danışıqlarda irəliləyiş əldə edildiyini, lakin iki tərəfin hələ son razılaşmaya yaxın olmadığını bildirib.

İranın danışıqlarda iştirak edən nümayəndələrindən biri olan Qalibaf ötən həftə ABŞ-ın vitse-prezidenti JD Vans də daxil olmaqla ABŞ nümayəndələri ilə sülh danışıqları aparmaq üçün Pakistanda olub.

Danışıqların növbəti mərhələsinin tarixi hələ açıqlanmayıb.

Şənbə günü Oval Ofisdə jurnalistlərə danışan ABŞ Prezidenti Donald Trump İranla "çox yaxşı danışıqların" aparıldığını, lakin Tehranın Hörmüz boğazı ilə bağlı ABŞ-ı "şantaj etməsinə" icazə verməyəcəyini bildirib.

O, İranı 47 ildir etdikləri kimi hiyləgər davranmaqda ittiham edib.

Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-ın İran limanlarını blokadada saxlamasının İranla əməliyyat tam başa çatana qədər davam edəcəyini bildirmişdi.

ABŞ Prezidenti Trump deyib ki, İran liderləri Hörmüz boğazını bağlamaq istəyirlər, lakin ABŞ onların onu "şantaj etməsinə" imkan verməyəcək.

O əlavə edir ki, ABŞ-ın mövqeyi sərtdir.

"Azı iki ticarət gəmisi boğazı keçməyə çalışarkən atəşə tutulub"

gəmi Hormüz

Şəklin mənbəyi, Reuters

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, Hörmüz boğazında bir tanker İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən idarə olunan iki silahlı qayıqdan atəşə tutulduğunu bildirib.

Hadisə Omanın şimal-şərqindən 20 dəniz mili məsafəsində baş verib.

UKMTO əlavə edir ki, tanker və heyət üzvlərinin sağ-salamat olduğu bildirilir.

Üç mənbə Reuters xəbər agentliyinə bildirib ki, ayrıca olaraq, azı iki ticarət gəmisi boğazı keçməyə çalışarkən atəşə tutulduğunu bildirib.

Hörmüz boğazı "əvvəlki vəziyyətinə qayıdacaq"

Aprelin 18-də İran dövlət mediası yazıb ki, İran ordusu Hörmüz boğazına nəzarəti bərpa etdiyini bildirib.

Hakimiyyətə bağlı xəbər agentlikləri İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən yazıblar ki, Hörmüz boğazı əraziyə silahlı qüvvələrin nəzarət etdiyi "əvvəlki vəziyyətinə" qayıdacaq.

Hərbi bəyanatda SEPAH ABŞ-ı "piratçılıqda" ittiham edir və onun "sözdə blokada"sının dəniz quldurluğuna bərabər olduğu bildirilir.

İran ABŞ limanlarını blokada etməyə davam edərsə, boğazı bağlayacağını bildirmişdi.

BBC MarineTraffic-ə əsasən yazır ki, bir neçə gəminin istiqamətini dəyişdiyi görünür.

MarineTraffic izləmə saytında "Minerva Europi" gəmisinin mənşəyinə qayıtmaq üçün geri döndüyü görünür.

İran xəbərdarlıq edib: ABŞ blokadası davam edərsə, Hörmüz boğazı "açıq qalmayacaq"

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib ki, ABŞ İranın dənizdən blokadasını davam etdirərsə, Hormüz boğazı "açıq qalmayacaq".

Aprelin 17-də İranın xarici işlər naziri Abbas Əraqçı bildirmişdi ki, ABŞ-la əldə edilən atəşkəs bitənə qədər Hörmüz boğazı açıqdı.

ABŞ Prezidenti Donald Trump bunu təqdir etmişdi.

Fevralın 28-də ABŞ və İsrailin İranla müharibəyə başladığından günlər sonra İran Hörmüz boğazından gəmilərin keçidinə maneə yaratmışdı.

Məhəmməd Bağır Qalibaf X hesabında yazıb ki, Donald Tramp "bir saat ərzində yeddi iddia irəli sürüb və bunların yeddisi də yalan"dır.

Qalibaf əlavə edib ki, "Onlar [ABŞ] müharibəni qazana bilmədilər və bu yalanlarla danışıqlarda heç bir nəticə əldə edə bilməyəcəklər".

O, İslamabadda ABŞ-la danışıqlar aparan İran nümayəndə heyətinə rəhbərlik edir.

"21 gəmi geri göndərilib"

Donald Tramp ABŞ-ın İran limanlarına qarşı dəniz blokadasının ABŞ-İran tam razılaşması əldə olunana qədər qüvvədə qalacağını bildirib.

ABŞ Mərkəzi Komandanlığı 13 apreldə başlayan blokadanın indiyə qədər 21 gəmini geri dönməyə və İrana qayıtmağa məcbur etdiyini bildirir.

MarineTraffic izləmə saytının məlumatları göstərir ki, gəmilər Hörmüz boğazından hərəkət edir.

Saytın məlumatına görə, neft, mayeləşdirilmiş neft qazı və kimyəvi maddələr daşımaq üçün nəzərdə tutulmuş gəmilərin də daxil olduğu bir neçə gəmi əsas dəniz dəhlizindən keçir.