Ayətullah Əli Xameneyi İsrailin İrana hücumlarına reaksiya verib

İsrailin İranı bombalamasından bir gün sonra ilk dəfə İranın Ali dini lideri Ayətullah Əli Xameneyi hücumlara reaksiya verib.

Şəklin mənbəyi, İRNA

Şəklin alt yazısı, İranın Ali dini lideri Ayətullah Əli Xameneyi İsrailin İrana hücumlarına reaksiya verib
Çap edildi
Oxuma vaxtı: 5 dəq

İsrailin şənbə günü İrana hava hücumundan bir gün sonra İranın Ali dini lideri Ayətullah Əli Xameneyi bu hücumu "pis hərəkət" kimi qiymətləndirib.

O bildirib ki, İsrailin bir gecə əvvəl burada etdikləri "pis hərəkətdir" və İran onlara nəyi səhv etdiklərini "göstərməlidir".

Xameneyinin sözlərinə görə, İsrailin hücumunu "şişirtmək səhvdir, lakin aşağı qiymətləndirmə də yanlışdır. "Əhəmiyyətli deyil" demək düzgün olmazdı".

"Məmurlarımız nələr edilməli olduğunu müəyyənləşdirməli, ölkənin və millətin mənafeyinə uyğun olanı etməlidir. Sionistlər İran xalqının kim olduğunu, onların gəncliyinin şücaətini və bu cəmiyyətin hazırlığını başa düşməlidirlər", - həlak olan təhlükəsizlik əməkdaşlarının ailələləri ilə görüşdə Əli Xameneyi deyib.

Şənbə günü İsrail İrana hava zərbələri endirib və bunun İranın oktyabrın 2-də İsrailə hava hücumlarına cavab olduğunu bildirib.

Hücumlardan sonra Tehran səması

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hücumlardan sonra Tehranda səhər açılır

Şənbə günü Hizbullah İsrailin Təl-Əvivdəki aviasiya bazasına dron hücumu etdiyini açıqlayıb. Livanda yerləşən silahlı qruplaşma İsrailin şimalındakı “kəşfiyyat qərargahlarını” da hədəf aldığını bildirib.

İsrailin bu gecə İrana etdiyi hava hücumları Qəzzada davam edən hərbi əməliyyatlar fonunda gerçəkləşib.

Həmasın nəzarətində olan bölgənin səhiyyə naziri bildirib ki, İsrailin Qəzzanın cənub hissəsinə hücumu zamanı 38 nəfər öldürülüb. Xilasedicilər ölənlər arasında bir ailəyə məxsus 9 uşağın olduğunu qeyd ediblər.

Deyilənə görə, İsrail ordusu Qəzzanın şimalında fəaliyyətdə olan hospitalda əməliyyat keçirib.

Ümumdünya Səhiyyə Təşkilatı Beyt Lahia şəhərindəki Kamal Advan xəstəxanası ilə əlaqənin itdiyini bildirib. Səhiyyə nazirliyi İsrail hərbçilərinin xəstəxanadakı personalı, xəstələri və qaçqınları saxladığını açıqlayıb.

İsrail İrana cavab zərbələri endirib

İsrail İrana cavab hava zərbələri endirib.

Hadisə nəticəsində iki hərbçi ölüb, İranın dövlət mediası bildirib.

Şənbə günü təxminən gecə saat 2.15-də paytaxt Tehranda və digər yerlərdə partlayış səsləri eşidilib.

İsrail ordusu bildirib ki, zərbələr İranın hərbi obyektlərinə endirilib və bütün təyyarələri sağ-salamat geri qayıdıb.

İranın Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-di maddəsini xatırladaraq, İranın "özünü müdafiə etmək hüququ olduğunu və buna borclu olduğunu" bildirib.

İran XİN hadisəni beynəlxalq qanunvericiliyin "aydın pozuntusu" adlandırıb.

İran oktyabrın 2-də İsrailə hava hücumlarından sonra bildirmişdi ki, İsrail cavab verərsə, daha ağır cavab verəcək. İsrailin baş naziri Benyamin Netanyahu İranın raket zərbələri barədə "Bu, İrana baha başa gələcək" demişdi.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İsrail ordusu bildirib ki, “dünyanın hər bir suveren ölkəsi kimi, İsrail dövlətinin də cavab vermək hüququ və borcu var”, çünki 7 oktyabr 2023-cü ildən bəri “İrandakı rejim və onun bölgədəki müvəkkilləri... İsrailə amansız hücumlar edir”.

“İsrail dövlətini və İsrail xalqını müdafiə etmək üçün lazım olan hər şeyi edəcəyik”, - ordu bildirib.

İsrail deyib ki, İran cavab verərsə, İsrail cavab verməyə məcbur qalacaq.

İran dövlət mediası ötən axşamdan bəri hücumların heç bir real zərərə səbəb olmadığını bildirib. Bu səhər media məktəblərin açıq olduğunu, həyatın normal davam etdiyini açıqlayıb.

BBC Farscadan Bəhmən Kalbasi izah edir ki, adətən bu cür hücumlardan sonra İran oxşar cavablar verir.

İranın Hava Hücumundan Müdafiə Komandanlığının ictimaiyyətlə əlaqələr ofisi bəyanatında bildirib ki, İsrailin hava qüvvələrinin Tehran, qərbdəki İlam əyaləti və cənub-qərbdəki Xuzistan əyalətindəki hərbi mərkəzlərə qarşı endirdiyi zərbələrinin qarşısı havadan müdafiə sistemlərinin köməyilə alınıb.

İsrail Baş nazirinin ofisi hücumların getdiyi vaxt bu fotonu yayıb

Şəklin mənbəyi, İsrail Baş nazirinin ofisi

Şəklin alt yazısı, İsrail Baş nazirinin ofisi hücumların getdiyi vaxt bu fotonu yayıb

Qurum hücumların məhdud zərərə səbəb olduğunu qeyd edib. Komandanlıq əhalini sakit və həmrəy qalmağa çağırıb.

İsrail hücumlarla bağlı ABŞ-ı məlumatlandırıb, amma ABŞ rəsmiləri açıqlayıb ki, əməliyyatlarda iştirak etməyiblər.

İsrail hücumlarda 100-dək təyyarə istifadə edib. Onlar arasında qabaqcıl gizli qırıcı F-35-lər də olub.

İran hava hücumları ilə əlaqədar olaraq hava məkanını bir müddətlik bağlayıb. Bu səbəbdən bir sıra beynəlxalq aviaşirkətlər Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib, aeroportun mətbuat xidməti bildirib.

Mediada Tehranda neft emalı zavodunun vurulduğu deyilsə də, rəsmilər bu məlumatı təkzib ediblər.

ABŞ mediası Axios yazıb ki, hücumlardan öncə İsrail İrana hücumların olacağı barədə məlumat göndərib və onu cavab verməmək barədə xəbərdar edib.

"ABŞ müharibəyə sürüklənə bilər" – BBC-dən Frank Gardner-in təhlili

Orta Şərqdə hər kəs İsrailin cavab verəcəyini bilirdi. Lakin bəzi hökumətlər hesab edirdi ki, İsrail İrana cavab zərbəsi endirmək üçün ABŞ-dakı prezident seçkilərinin bitməsini gözləyəcək.

BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Gardner hesab edir ki, ABŞ-ın Fars körfəzində yerləşən ərəb müttəfiqlərinin narahat olmaları üçün bir çox səbəblər var. Xüsusilə bu gecə baş verən İsrail hücumundan sonra İranın buna necə reaksiya verəcəyi məsələsi narahatlıq yaradır.

Pentaqonun Fars körfəzində yerləşən ərəb ölkələrində hərbi bazaları mövcuddur. ABŞ dəniz donanmasının 5-ci gəmisi Bəhreyndəki strateji limanda fəaliyyət göstərir.

Vaşinqton İsrailin İrana edəcəyi hücuma qarışmayacağını bildirmişdi. Lakin ABŞ İsrailə 100 şəxsi heyət də daxil olmaqla, THAAD hava hücumundan müdafiə sistemi verməsi ilə özünü müharibəyə, İsraili İranın mümkün hücumundan qoruma məcburiyyətinə sürükləyə bilər.

Bu arada, Fars körfəzinin ərəb hökumətləri münaqişədən uzaq qalmağa çalışır. Buna görə də, onlar İrana bildirdilər ki, öz ərazilərindən İslam Respublikasına hücum etmək üçün İsrailə icazə verməyəcəklər.

Səudiyyə Ərəbistanı 2019-cu ildə İranın dəstəklədiyi İraq ərazisində mövcud olan silahlı qrupların onun neft-kimya müəssisələrini necə raket və dronlarla hədəf aldıqlarını yaxşı xatırlayır.

"İndi sual İranın cavab verib-verməyəcəyidir" - təhlil

Tehran

Şəklin mənbəyi, Reuters

İsrailin zərbələri gözlənilən idi, BBC-nin Yerusəlim/Qüdsdəki beynəlxalq redaktoru Jeremy Bowen deyir.

Oktyabrın 1-də İranın ballistik raket hücumundan bəri İsrail cavab verəcəyini deyirdi. İndi sual İranın cavab verib-verməyəcəyidir.

Prezident Biden İsrailə İranın nüvə, neft və qaz qurğularını vurmamağı demişdi. İsrailin baş naziri Benyamin Netanyahu bu münasibətlə onun məsləhətini qəbul edib.

Amerikalılar ümid edirlər ki, yalnız hərbi obyektlərə hücum İranı İsrailə növbəti zərbələr endirməməyə inandıra bilər.

Ölkələr cavab verməsələr zəif görünəcəklərinə və çəkindiriləcəklərinə inandıqları vaxt ardıcıl zərbələrin və əks zərbələrin qarşısını almaq çətinləşir. Müharibələr bu cür böyüyür və daha da pisləşir.

Oktyabrın 1-də İran İsrailin onun müttəfiqlərinə, xüsusən də Livandakı Hizbullaha hücumlarından sonra cavab zərbələri endirmişdi. İndi İsrail deyir ki, o, təkcə İranın ballistik raketlərinə deyil, həm də İranın müttəfiqlərinə və müttəfiqlərinin aylarla davam edən hücumlarına cavab verir.

İsrail eyni vaxtda Qəzzanın şimalında böyük bir hücum həyata keçirir. İsrail ordusunun bütün əhalini bombardmanlara, mühasirələrə və aclıq təhlükəsinə məruz qoyması ilə BMT-nin insan haqları üzrə komissarı Volker Turk, bunu Qəzza müharibəsinin ən qaranlıq anı adlandırıb.

Kənar adamın İsrailin İrana hücumlarının vaxtının beynəlxalq diqqəti Qəzzanın şimalından uzaqlaşdırmaq üçün nəzərdə tutulduğunu bilməsi mümkün deyil. Ancaq bu, hesablamanın bir hissəsi ola bilərdi.

İsrailin İrana hücumlarına reaksiya nədir?

Britaniyanın Baş naziri Keir Starmer deyib ki, İran İsrailin hücumlarına cavab verməməlidir.

ABŞ-in yüksək rütbəli rəsmisi də İrana oxşar çağırış edib.

"İran yenə cavab verməyi seçərsə, biz hazırıq və bunun İran üçün nəticələri olacaq, rəsmi bildirib və əlaə edib ki, ABŞ bunun baş verməməsini arzu edir.

İranın dəstəklədiyi HƏMAS təşkilatı bu hücumları "qətiyyətlə pisləyib."

Pakistan və Birləşmiş Ərəb Əmirlikləri də İsrailin İrana hücumlarını tənqid edib, onlar bunun regionda stabilliyə təsir edəcəyi ilə əlaqələndiriblər.

Malayziya isə hücumları "beynəlxalq qanunların pozulması" adlandırıb.

Səudiyyə Ərəbistanı da hücumları pisləyib və tərəfləri sakitləşməyə çağırıb. Səudiyyə Ərəbistanı açıqlamasında İsraili ölkə adlandırmayıb.