Prezident Trump ABŞ-İran atəşkəsi barədə: "Məncə, bitdi"

Trump

Şəklin mənbəyi, Getty İmages

    • Müəllif, Amy Walker
  • Çap edildi
  • Oxuma vaxtı: 4 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Prezident Donald Trump ABŞ-la İran arasında atəşkəsin "bitdiyini" deyib.

"Düşünürəm ki, bitdi", Donald Trump bildirib və əlavə edib ki, "onlarla işləmək sadəcə vaxt itkisidir, onlar yalançıdırlar".

O, NATO sammitində jurnalistlərə deyib ki, hər iki tərəfdən vasitəçilər "danışa bilərlər", amma "vaxtlarını boşa sərf edirlər".

İyulun 7-də ABŞ Hörmüz boğazında üç ticarət gəmisinə qarşı həyata keçirilən hücumlara cavab olaraq İrana qarşı bir sıra "güclü" hava zərbələri endirib.

İranın Trampın bu açıqlamasına şərhi hələ yoxdur, amma Prezident Məsud Pezeşkian X-da belə bir post paylaşıb.

"ABŞ hökumətinin Dünya Kubokuna ev sahibliyi kimi hərəkətləri onun tanış xarici siyasəti kimidir: qaydaları pozmaq, rəqibləri qorxutmaq, maneələr yaratmaq və fırıldaqçılıq. Bu, onların MAGA oyun kitabıdır. İran bu cür oyunları rədd edir. Biz hüquqlarımız uğrunda qətiyyətlə mübarizə aparırıq."

Hörmüz boğazında nə baş verib?

Hörmüz boğazı

Şəklin mənbəyi, Reuters

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 7-də yaydığı bəyanatda bildirib ki, hücumlar "beynəlxalq su yolunda günahsız ekipaj daşıyan ticarət gəmilərini hədəfə almağın və onlara hücum etməyin ağır nəticələrinin olacağını göstərmək" məqsədilə həyata keçirilib.

İran xarici işlər nazirinin müavini ABŞ-ın hücumlarını ötən ay imzalanmış memorandumun pozulması kimi qiymətləndirib və Tehranın "qəti tədbirlər görəcəyi" barədə xəbərdarlıq edib.

İranın dövlət mediası hücumlarda Keşm adasının, Bəndər-Abbasın və Sirikin hədəf alındığını, qəlpə yaraları alan şəxslərin olduğunu bildirib.

Hücumlar zamanı ölənlərin olması ilə bağlı hər hansı açıqlama verilməyib.

ABŞ və İranın qarşılıqlı ittihamları

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

ABŞ tankerlərə qarşı hücumları "qətiyyən qəbuledilməz" adlandırmış və bunun nəticələrinin olacağını bildirmişdi.

CENTCOM iyulun 7-də yaydığı açıqlamada ABŞ-ın hava hücumlarının "İranın hücumlarına cavab olaraq" həyata keçirildiyini qeyd edib.

Açıqlamada deyilir:

"İranın nümayiş etdirdiyi aqressivlik əsassız və təhlükəlidir, həmçinin atəşkəsin açıq şəkildə pozulmasıdır".

ABŞ Maliyyə Nazirliyi isə iyulun 7-də İrana tətbiq olunan neft sanksiyalarını müvəqqəti dayandıran istisnanı ləğv edib.

İrana neft və neft məhsulları satılmasına icazə verən lisenziya ötən ay Vaşinqton və Tehran arasında imzalanmış memorandumun bir hissəsi idi.

İran Xarici İşlər Nazirliyi bu addımı memorandumun pozulması adlandırıb və bildirib ki, bu, ABŞ hökumətinin "pis niyyətini, ardıcılsızlığını və etibarsızlığını" sübut edir.

Açıqlamada həmçinin qeyd olunub ki, Tehran "milli maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi bütün tədbirləri görəcək".

CENTCOM-un yeni hücumlarla bağlı açıqlamasından əvvəl adının açıqlanmaması şərti ilə danışan bir amerikalı rəsmi israrla bildirib ki, ABŞ danışıqlar aparan heyəti İranla yekun razılığa nail olmaq üçün "xoş niyyətlə" işləməyə davam edəcək.

Qətər və Səudiyyə Ərəbistanından tanker hücumlarına qınaq

Qətər və Səudiyyə Ərəbistanı da tanker hücumlarını pisləyib. Hər iki hökumət öz ölkələrinə məxsus bir tanker gəmisinin Hörmüz boğazından keçərkən və ya boğaza yaxın ərazidə vurulduğunu bildirərək İranı ittiham edib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid Əl Ənsari bildirib ki, onlar İranı "Əl-Rəkayyat" adlı gəminin Hörmüz boğazı yaxınlığından keçərkən hədəfə alınaraq hücuma məruz qalmasına görə "tam məsuliyyət daşıyan tərəf" hesab edirlər.

Qətər İranı "regional təhlükəsizliyi sarsıdan bütün addımlara dərhal son qoymağa" və "dar maraqlar naminə qlobal enerji təchizatını və region ölkələrinin resurslarını təhlükə altına atmamağa" çağırıb.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi də İranın Hörmüz boğazından keçən və Səudiyyə Ərəbistanı bayrağı altında üzən "Vadyan" adlı tankeri hədəf aldığını açıqlayıb.

Bəyanatda hücumların "beynəlxalq dənizçiliyin təhlükəsizliyi və qlobal enerji təchizatının təhlükəsizliyinə qarşı hücum" olduğu vurğulanıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə Qətərin ittihamlarını "yaxşı qonşuluq prinsipinə zidd" adlandırıb.

İsmayıl Bəqayi Telegram-da yaydığı açıqlamada bildirib ki, İranla koordinasiya edilməyən marşrutlardan istifadə edən və ya gəminin izləmə sistemini manipulyasiya edən ticarət gəmiləri toqquşma riski ilə üzləşirlər.

Bəqayi əlavə edib ki, bu cür gəmilər İranın boğazda "təhlükəsiz keçidi asanlaşdırmaq" səylərinə mane olur.

Böyük Britaniyanın Dənizçilik və Nəqliyyat Nazirliyi (UKMTO) iyulun 6-da açıqlayıb ki, Hörmüz boğazından keçən bir tanker gəmisinin mühərrik bölməsinə naməlum cismin dəyməsi nəticəsində yanğın baş verib.

UKMTO iyulun 7-də baş vermiş iki ayrı hadisə ilə bağlı da bildirib ki, tankerlərdən biri boğazdan çıxarkən vurulsa da, marşrutu üzərindəki limana çatmağı bacarıb, digər tanker isə vurulması nəticəsində yüngül struktur zədələri alıb.

Ötən ay əldə edilmiş ABŞ-İran memorandumu ilə iki ölkə arasındakı atəşkəs uzadılmışdı.

14 maddədən ibarət razılaşma "bütün cəbhələrdə" toqquşmalara son qoyulmasını nəzərdə tutur və İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirir.

Razılaşma çərçivəsində həmçinin İranın "yenidən qurulması və iqtisadi inkişafı" üçün 300 milyard dollarlıq fond ayrılır, lakin ABŞ-ın həmin fonda töhfə verməsi məcburi deyil.

Sazişə əsasən, Hörmüz boğazına çıxışı olan İran və Oman digər Körfəz ölkələri ilə birlikdə su yolunun "gələcək idarəçiliyini və dənizçilik xidmətlərini müəyyən etmək" üçün danışıqlar aparmalıdır.

ABŞ və İsrailin 28 fevral tarixli hücumlarından sonra İran dünya üzrə neft və təbii qaz ticarətinin təxminən beşdə birinin keçdiyi marşrut olan Hörmüz boğazını faktiki olaraq bağlamışdı.

İran müharibə dövründə Hörmüz boğazı üzərindəki nəzarətini gücləndirmək məqsədilə "təhlükəsiz keçid icazələri" verəcəyini bildirdiyi "Fars Körfəzi Boğazı İdarəsi" adlı qurum yaratmışdı.

Sonda Fars xəbər agentliyi bildirib ki, ABŞ-la əldə olunmuş yeni razılaşmaya əsasən boğazın yekun idarəçiliyi Omanla koordinasiya şəraitində İran tərəfindən həyata keçiriləcək və gəmilərin bu su yolundan keçməsi üçün mümkün "xidmət haqları" da tətbiq oluna bilər.