Azərbaycanda erməni hərbçilərinə 11,5 il həbs cəzası verildi

Şəklin mənbəyi, APA
Azərbaycan Məhkəməsi iki erməni hərbçini 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə istinadən yerli media xəbər verir.
Məlumata əsasən, mayın 26-da Ermənistanla dövlət sərhədinin Zəngilan istiqamətində saxlanılan Arutyun Ovagimyan və Karen Kazaryan sərhədi qanunsuz keçmə və təxribat cəhdi də da daxil, bir sıra ağır cinayətlərdə təqsirli biliniblər.
Erməni tərəfinin məlumatına görə, hərbçilər mayın 26-da Ermənistanın Sünik rayonundakı erməni mövqelərinə çörək apararkən oğurlanıblar.
Aprel ayında Ermənistan dövlət sərhədini keçən iki azərbaycanlı hərbçi - Hüseyn Axundov və Aqşin Bəbirovun saxlanıldığını bildirib. Hüseyn Axundov Ermənistan məhkəməsi tərəfindən, o cümlədən Zəngəzur mis-molibden zavodunun mühafizəçisi, 56 yaşlı Hayrapet Meliksetyanın qətlində təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum olunub.
Aqşin Bəbirova 11,5 illik həbs cəzası verilib. O, dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı qaçaqmalçılığında təqsirli bilinib.
Azərbaycan Ermənistan məhkəməsinin hökmünü "qondarma" adlandırıb.
Mayın 26-da iki ölkənin sərhəd bölgəsində baş verən hadisə barədə Ermənistan və Azərbaycan bir-birinə zidd bəyanatlar yayıblar.
Azərbaycan bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin "təxribat-diversiya" qrupu tərəfindən Zəngilan istiqamətində dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınarkən, iki erməni hərbçisi saxlanılıb.
"Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır", - mayın 26-da Dövlət Sərhəd Xidmətinin yaydığı açıqlamasında deyilir.
Ermənistan bunu təkzib edərək hərbçilərin Ermənistan mövqelərinə yaxın ərazidə "qanunsuz oğurlandığını" bildirir.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Mayın 27-də onlara qarşı, o cümlədən odlu silah və döyüş sursatının qaçaqmalçılığı, terrorçuluq, dövlət sərhədini qanunsuz keçmə maddələri ilə bağlı cinayət işi açılıb.
Ermənistan sərhəddə "hərbçilərinin saxlanılması" barədə məlumatı öncə təkzib etsə də, daha sonra iki hərbçi ilə əlaqənin kəsildiyi bildirib.
Ermənistan Müdafiə Nazirliyi hadisə baş verən bölgədə hərbi döyüş mövqelərini "ərzaqla təmin edən" iki hərbi qulluqçunun Azərbaycan tərəfindən "qanunsuz oğurlanması" ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb.
Məlumatda bildirilir ki, mayın 26-da saat 19:00-da "mövqelərarası yolda" iki hərbi qulluqçunun idarə etdiyi avtomobil aşkar edilib.
Aprel ayında Azərbaycan Ermənistanla dövlət sərhədinin Naxçıvan istiqamətində iki hərbçinin itkin düşdüyü haqqında məlumat yaymış, sonradan onların Ermənistan tərəfindən əsir götürüldüyünü bildirmişdi. Daha sonra Ermənistan məhkəməsində hər iki həbrçiyə uzun müddətli həbs cəzaları verildi.























