Ermənistanda hərbi hissədə yanğın: 15 hərbçi ölüb

Şəklin mənbəyi, 1in TV
Ermənistanda Geğarkunik vilayəti Azat kəndində yerləşən hərbi hissədə yanğın nəticəsində 15 hərbçi ölüb, Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Ermənistan Baş Prokurorluğunun açıqlamasına görə, yanğın zamanı xəsarət alan 6 çağırışçı və bir zabit Vardenis şəhəri xəstəxanasına çatdırılıb, onlardan üçünün vəziyyəti ağırdır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanğın yanvarın 19-na keçən gecə başlayıb və təxminən 5 saatdan sonra söndürülüb.
Mühəndis-istehkamçı bölüyünün yerləşdiyi kazarma binası (104 kvadrat metr) tamamilə yanıb.

Şəklin mənbəyi, MIL.AM
İlkin məlumatlara görə, yanğına təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Bu barədə cümə axşamı Ermənistan müdafiə naziri Suren Papikyan məlumat verib.
İlkin istintaq materiallarına istinadən, Baş nazir Nikol Paşinyan yanğının hərbçilərin yataq otağını qızdıran sobanı benzinlə yandırmaq cəhdi nəticəsində baş verdiyini deyib.
“Bu, ilkin məlumatdır, lakin onu göstərir ki, 5 litrlik qabdan sobaya benzin çiləmək cəhdi nəticəsində od zabitin üstünə düşəndə o, qeyri-ixtiyari olaraq içində benzin olan qabı otağa atıb”, - Paşinyan deyib. Müdafiə naziri Papikyan hadisə ilə bağlı bir sıra zabitlərin vəzifələrindən azad edildiyini bildirib.
Daha əvvəl baş nazirin təklifi əsasında, Prezident Vahaqn Xaçaturyanın fərmanı ilə ikinci hərbi korpusun komandanı Vahram Qriqoryan vəzifəsindən azad edilib.
Baş Prokurorluqda hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq aparılır.

























