Rusiyanın Ukraynaya yeni raket hücumları: Bir neçə bölgədə partlayışlar olub

Şəklin mənbəyi, t.me/mvs_ukraine
Rusiya Ukraynanın bir neçə bölgəsinə yeni raket hücumu edib. Hücumlar nəticəsində azı 6 nəfərin öldüyü, 20-dən çox yaralının olduğu bildirilir.
Yerli informasiya, Telegram kanalları Dneprdə və regionda, Çerkassı, Poltava və Nikolayevdə partlayışlar barədə məlumat verir.
Bölgədə olan BBC müxbiri xəbər verir ki, partlayış səsi Kiyevdə də eşidilib.
Bunun raket zərbəsi və ya hava hücumundan müdafiə işi olub-olmadığı hələ məlum deyil.
Kiyev şəhər hərbi administrasiyası hava hücumundan müdafiənin şəhər üzərində işlədiyini açıqlayıb.
Britaniyalı jurnalist Jay Bicher Kiyevdən xəbər verir ki, onun evinin üstündən yenicə raket uçub və dərhal vurulub.
Rusiya raketlərindən biri - və ya vurulmuş raketin fraqmentləri - bu gecə kütləvi reyd zamanı Uman şəhərində doqquz mərtəbəli yaşayış binasına dəyib, binanın bütün girişini dağıdıb. Sosial mediada raket düşməsi nəticəsində bir hissəsi yanan və dağılmış binanın görüntüləri olduğu deyilən videolar yayılır.
Binaya düşən raket və ya onun fraqmentləri nəticəsində azı 4 nəfərin öldüyü, 17 nəfərin yaralandığı bildirilir.
Bir çox Ukrayna informasiya kanalları da Umandan foto və videolar yayır; Umanın yerləşdiyi Çerkassı vilayətində polisin mətbuat attaşesi raketin yaşayış binasına düşməsi ilə bağlı məlumatı təsdiqləyib.
Zoya Vovkun sözlərinə görə, Umanda xilasedicilər, həkimlər və polis işləyir.
Çerkassı vilayəti administrasiyasının rəhbəri İqor Taburets raket zərbəsinin bəzi anbarlara dəydiyini yazıb.
"Biz fəsadları aşkarlamağa çalışırıq. Bütün xidmətlər yerində işləyir", - Taburets yazıb.
Dneprdə atəş nəticəsində iki nəfər ölüb
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Dnepr meri Boris Filatov da şəxsi Facebook səhifəsində bildirib ki, vilayət mərkəzinə raket hücumu nəticəsində gənc qadın və üç yaşlı uşaq həlak olub.
O, təfərrüata varmayıb və rəsmi məlumatları gözləməyi məsləhət bilib.
Rusiyanın raket reydi zamanı gecə ərzində Kiyev ərazisində 11 raket və iki pilotsuz təyyarə vurulub, mülki əhali arasında itki yoxdur”, - Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib.
Kiyevə və Kiyev üzərindən uçan bütün raketlərin vurulub-vurulmadığını Popko dəqiqləşdirməyib.
Administrasiya rəhbərinin sözlərinə görə, paytaxtın bir yerində raketin parçaları elektrik xəttinə və yol örtüyünə ziyan vurub, başqa dağıntılar hələ qeydə alınmayıb.
Popko xatırladır ki, "ruslar bundan 51 gün əvvəl - martın 9-da paytaxta raket hücumu edib".
Rusiya Ukraynaya 2022-ci ilin fevralın 24-də hücum edib: o, bunu "xüsusi hərbi əməliyyatlar" adlandırıb. İndiyədək on minlərlə mülki şəxs və hərbçi ölüb, milyonlarla şəxs qaçqın və köçkün düşüb.



















