İranın ən böyük ticarət limanında partlayış: Ölən və yaralananlar var

İran partlayış

Şəklin mənbəyi, Reuters

Çap edildi
Oxuma vaxtı: 1 dəq

İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai ticarət limanında güclü partlayış baş verib, ölən və yaralananlar var.

İRNA yazıb ki, azı 14 nəfər həlak olub, 700-dən çox yaralı var.

Partlayışın səbəbi bəlli deyil.

Sosial mediada yayılan video görüntülərdə göyə qara tüstünün yüksəldiyi görünür. Partlayış limanda yanğına səbəb olub. Dağıntılar var.

Bəndər Abbas Qanköçürmə Mərkəzi bütün qan qruplarından kömək istəyib.

Eyni zamanda, Səhiyyə Nazirliyi şəhərdə çirkləndirici maddələrin miqdarının artması ilə əlaqədar əhalidən evdə qalmağı, üz maskaları və yanğına davamlı geyimlərdən istifadə etməyi xahiş edib.

Hormozgan Qubernatorluğu Böhran İdarəsi sabah Bəndər Abbasdakı bütün məktəblər, universitetlər və ofislərin bağlanacağını açıqlayıb.

İran partlayış

Şəklin mənbəyi, EPA

"Bütün anbar tüstü, toz və küllə dolu idi. Yadımda deyil, masanın altına düşdüm, yoxsa partlayış nəticəsində ora atıldım", - deyə ərazidə olan bir şəxs dövlət televiziyasına bildirib.

Havadan çəkilmiş görüntülərdə ən azı üç ərazinin alovlandığı və İranın daxili işlər naziri daha sonra yanğının bir konteynerdən digərinə keçdiyini təsdiqləyib.