Ermənistan seçkilərində sülh və müharibə arasındakı mübarizə: Paşinyanın partiyası səslərin təxminən 50 faizini toplayıb

Şəklin mənbəyi, Pashinyan/Facebook
- Müəllif, Olqa Prosvirova
- Müəllif, Olqa İvşina
- Vəzifə, BBC Rusca xidməti
- Çap edildi
- Oxuma vaxtı: 7 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Nikol Paşinyanın partiyasının parlament seçkilərində qələbəsi erməni cəmiyyətinin Qarabağın itirilməsini ona bağışladığı və ya onun siyasi kursunu qeyd-şərtsiz dəstəklədiyi anlamına gəlmir.
Bu, daha çox onu göstərir ki, əvvəlki təhlükəsizlik sisteminin çöküşünü yaşayan seçicilərin əhəmiyyətli hissəsi yenə də hazırkı baş nazirə inandırıcı alternativ görməyib.
Paşinyanın əsas uğuru belə bir təbliğat qurmaq olub ki, seçim onunla rəqibləri arasında deyil, müharibə ilə sülh arasındadır.
Bu seçimin nə dərəcədə real olduğu isə ayrı sualdır.
"Tarixi qələbə"

Şəklin mənbəyi, Karen MINASYAN / AFP via Getty Images
Ermənistan Mərkəzi Seçki Komissiyası növbəti parlament seçkilərində bülletenlərin sayılmasını başa çatdırıb; hazırkı Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası inamla liderdir.
MSK-nın məlumatına görə, "Vətəndaş Müqaviləsi" səslərin 49,8%-ni qazanır. İkinci yerdə rusiyalı-erməni biznesmeni Samvel Karapetyanın "Güclü Ermənistan" partiyalar bloku (23,3%) dayanır. Parlamentə həmçinin keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" partiyası (9,9%) daxil olur.
Ermənistanın seçki sisteminin xüsusiyyətlərini nəzərə alsaq, bu o deməkdir ki, Paşinyanın partiyası parlamentdə rahatca çoxluq qazanır.
Nəticələr yekunlaşdıqdan sonra, 4%-lik baryeri aşmayan partiyaların səsləri parlamentə düşən qüvvələr arasında yenidən bölüşdürülür; belə ki, daha çox faiz toplayan siyasi qüvvə yenidən hesablanan səslərin daha böyük payını əldə edir.
İlkin məlumatlara görə, "Vətəndaş Müqaviləsi" Ermənistan parlamentində 101 yerdən təxminən 58-ni əldə edəcək.
Paşinyan hələ gecə saatlarında partiyasının qələbəsini elan edib və "Vətəndaş Müqaviləsi"nin hökuməti təkbaşına formalaşdıracağına əminliyini ifadə edib.
"Bütün partiya yoldaşlarıma təşəkkürümü bildirirəm. Biz gecə-gündüz çalışdıq və bu, tarixi qələbədir. Bu qələbə erməni xalqına məxsusdur", - deyə o bildirib.

Şəklin mənbəyi, Ozge Elif Kizil/Anadolu via Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Ölkə seçkilərə sürətlə artan iqtisadiyyatla gedib: 2020-ci il tənəzzülündən sonra ÜDM bir neçə il ardıcıl artıb və 2026-cı ilin əvvəlində də bu dinamika qorunurdu.
Bu, şübhəsiz ki, Paşinyanın kampaniyası üçün üstünlük idi, lakin bu uğuru tam şəkildə onun hökumətinin hesabına yazmaq olmaz. Son illərdəki iqtisadi yüksəlişin əhəmiyyətli hissəsi xarici amillərlə bağlı idi: Ukraynadakı müharibədən sonra rusiyalıların köçü, kapital axını, istehlakın artması və reeksport.
Bir çox seçici üçün bu artım gündəlik həyatda o qədər də hiss olunmurdu.
2024-cü ildə demək olar ki, sıfır inflyasiya dövründən sonra qiymətlər yenidən qalxmağa başladı: xüsusilə ərzaq məhsulları son bir ildə 9,5% bahalaşıb.
Orta aylıq əməkhaqqı 303 min dram (mövcud məzənnə ilə 822 dollar) səviyyəsinə yüksəlsə də, sosial sahələrdə, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və incəsənətdə gəlirlər hələ də iqtisadiyyat üzrə orta göstəricidən xeyli aşağı olaraq qalırdı.
Seçkilər ərəfəsində hakimiyyət bu geriliyi sosial tədbirlərlə kompensasiya etməyə çalışırdı.
2026-cı ilin yanvarından Ermənistanda icbari tibbi sığortanın ilk mərhələsi tətbiq olunmağa başladı: dövlət bir neçə həssas qrup, o cümlədən 65 yaşdan yuxarı şəxslər üçün xərcləri öz üzərinə götürdü.
Aprel ayından, seçkilərə iki ay qalmış hökumət minimum pensiyaları və yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə verilən müavinətləri artırdı. Seçkiöncəsi dövrdə regionlara və kənd təsərrüfatına yönəlmiş tədbirlər də elan olunurdu; bunlara əlavə regional maliyyələşmə və faizsiz kənd təsərrüfatı kreditləri daxil idi.
Lakin ictimai müzakirələr tamamilə başqa mövzular üzərində gedirdi.
Həyat üçün deyil, ölüm üçün
Nikol Paşinyanın və onun partiyasının strategiyası iqtisadi uğurlarla öyünməkdən ibarət deyildi.
"Siyasətçilərin strategiyası cəmiyyətə üçrəngli narrativ təqdim etmək idi, - politoloq Aleksandr İsgəndəryan deyir. - Birincisi: müharibə və ya sülh. "Vətəndaş Müqaviləsi" bildirirdi ki, onlardan başqa kimsə seçilərsə, bu, müharibə demək olacaq. İkincisi - "biz Avropa tərəfdarıyıq, digərlərinin hamısı isə Rusiya yönümlüdür". Üçüncüsü isə "biz demokratiya tərəfdarıyıq, digərləri oliqarxdır; bizi dəstəkləyən oliqarxlar isə heç də oliqarx deyil, iri biznesmenlərdir, müxalifəti dəstəkləyənlər isə məhz oliqarxlardır".
Ermənistanda sülh və müharibə qarşıdurması cəmiyyətin ən ağrılı nöqtələrindən birinə toxunurdu. Son illərdə ölkə İkinci Qarabağ müharibəsində məğlubiyyət yaşayıb və bu müharibədə minlərlə erməni həlak olub.
"Seçki kampaniyası sülh və müharibə mübarizəsinə çevrildi. Müxalifət partiyaları sübut etməyə çalışırdılar ki, onlar müharibənin deyil, "ləyaqətli" sülhün tərəfdarıdırlar. Həmçinin Rusiyanın deyil, bütün xarici oyunçularla normal münasibətlərin tərəfdarıdırlar.
Belə nəticə alındı ki, hakim partiyanın narrativi daha pozitiv idi: yəni nəyinsə lehinə idi: sülhün, modernləşmənin, avropalaşmanın lehinə. Rəqiblərin narrativi isə daha çox neqativ idi: hazırda işlərin aparılma üsuluna qarşı", - deyə İsgəndəryan izah edir.

Şəklin mənbəyi, Karen MINASYAN / AFP via Getty Images
Qarabağdakı məğlubiyyətdən sonra Nikol Paşinyanın siyasi karyerasının bitdiyi düşünülürdü, lakin bu seçkilər göstərdi ki, onun hazırkı rəqiblərinə etimad daha da azdır.
Müxalifət isə iddia edirdi ki, hakimiyyət kampaniyanı təkcə siyasi deyil, həm də güc vasitələri ilə aparır. Bu ittihamların səbəbi Paşinyanın tanınmış tənqidçilərinə qarşı açılan cinayət işləri və həbslər olub.
"Güclü Ermənistan" blokunun əsas simasına çevrilən rusiyalı-erməni milyarder Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə ev dustaqlığındadır. Daha sonra bu işə iqtisadi maddələr də əlavə edilib, o cümlədən cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması. Karapetyan ittihamları rədd edir.
Səsvermə ərəfəsində onunla əlaqəli blokdan altı namizəd həbs olunub.
"Seçkilərdə məğlub olanların hamısını müxalifətdə deyil, çox güman ki, həbsxanada və uzun müddətə olmaq təhlükəsi gözləyir. Amma bu, hazırda qlobal tendensiyadır, Paşinyanın özü də vaxtilə siyasi ittihamlarla həbsdə olub və indi onun rəqibləri - Robert Koçaryan, Samvel Karapetyan və bir çox digər müxalifət nümayəndələri oxşar təcrübədən keçib və ya keçməkdədir. Onların hamısı üçün bu seçkilər ölüm-dirim savaşı idi", - politoloq, sosiologiya professoru Georgi Derluqyan qeyd edir.
"Əks-səda effekti"
Seçkilərdə seçicilərin 58,97%-i iştirak edib: bu, 2017-ci ildən bəri parlament seçkilərində ən yüksək fəallıqdır: 2021 və 2018-ci illərdə bu göstərici 50%-dən aşağı idi.
"Belə fəallığı aşağıdakı sosioloji hipotezlə izah etmək olar. Bu, "əks-səda effekti" adlanır. Siz hər tərəfdən eşidirsiniz ki, çox vacib seçkilər yaxınlaşır. Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər (son həftələrdə Moskva Ermənistandan bir sıra malların - güllərdən tutmuş tərəvəz, meyvə, alkoqol və mineral suya qədər - idxalını məhdudlaşdırıb. - BBC), tanınmış şəxslərin kütləvi həbsləri, yüksək vəzifəli Qərb siyasətçilərinin səfərləri haqqında xəbərlər yayılır. Üstəlik, məşhur erməni futbolçu Henrix Mxitaryan da insanları seçkilərə gəlməyə çağırdı. Nəticədə insanlar bu barədə hər tərəfdən o qədər çox eşidirlər ki, belə bir hadisəni qaçıra bilmirlər", - Georgi Derluqyan hesab edir.
"Vacib məqamlardan biri də parlamentə düşməyəcək partiyalara verilən səslərin faizidir, - ekspert Aleksandr İsgəndəryan deyir. - Ümumilikdə 18 siyasi qüvvə var, lakin parlamentə dörd, bəlkə də beş partiya daxil olacaq. Qanuna görə, qalan partiya və bloklara verilən səslər parlamentə düşənlər arasında proporsional şəkildə bölüşdürülür. Bu isə o deməkdir ki, ən çox payı onsuz da ən çox səs toplamış qüvvə, yəni 'Vətəndaş Müqaviləsi' götürəcək".

Şəklin mənbəyi, Karen MINASYAN / AFP via Getty Images
Ermənistanda siyasi vəziyyət sabitdir və ona təsir etmək çox çətindir, - Georgi Derluqyan hesab edir:
"Əslində məsələ yalnız hakim partiyanın hansı nəticə ilə qalib gələcəyindən ibarət idi. Düşünürəm ki, o, prinsip etibarilə məğlub ola bilməzdi, çünki onlar 2017-ci ildə əvvəlki prezident üçün yazılmış konstitusiyanı miras alıblar; həmin prezident baş nazir olmaq və sonsuza qədər bu vəzifədə qalmaq istəyirdi. Siyasətçi getdi, amma konstitusiya qaldı, buna görə də Paşinyanın qalib gəlməsi nisbətən asan oldu".
Ekspert 2015-ci ildə keçmiş prezident Serj Sarkisyan dövründə həyata keçirilmiş konstitusiya islahatından danışır.
Həmin islahatdan sonra Ermənistan qəti şəkildə parlament idarəetmə sisteminə keçdi: prezident səlahiyyətlərinin böyük hissəsini itirdi, əsas hakimiyyət mərkəzi isə parlament çoxluğu və baş nazir oldu.
Bu sistemə "sabit çoxluq" məntiqi daxil edilib: seçki sistemi yalnız yerləri partiyalar arasında bölüşdürməməli, həm də hökuməti formalaşdıra biləcək qüvvənin yaranmasını təmin etməlidir.
Əgər belə çoxluq səsvermədən və ya koalisiya danışıqlarından sonra formalaşmasa, ikinci tur mümkündür.
Tənqidçilər hesab edirdilər ki, bu model məhz Sarkisyan üçün yaradılıb: o, iki prezidentlik müddətindən sonra həqiqətən də baş nazir postuna keçməyə cəhd etdi, lakin 2018-ci ildə "məxməri inqilab" adlandırılan etirazların təzyiqi altında istefa verdi.
"Çubuqlar və yerkökülər"
Rusiya yenidən seçkilərə müdaxilə cəhdində ittiham olunub. Səsverməyə bir aydan az qalmış Vladimir Putin faktiki olaraq, Yerəvan qarşısında seçim qoydu: Avropa İttifaqı ilə yaxınlaşma, yoxsa Rusiya ilə tərəfdaşlığı qorumaq. O, xəbərdarlıq nümunəsi kimi Ukraynanı xatırlatdı.
"İşi ifrat həddə çatdırmaq lazım deyil, sadəcə vaxtında demək lazımdır ki, biz belə və belə edəcəyik", - Putin Ermənistanın Avropa kursu ilə bağlı suala cavab verərkən bildirib.
Formal olaraq o, Ermənistanı Ukrayna ssenarisinin gözlədiyini demədi və bu, çətin ki, mümkün olsun, lakin siyasi alt məna aydın idi: Moskvanın öz təsir zonası hesab etdiyi ölkə Avropa istiqamətini seçərsə, bunun ciddi nəticələri ola bilər.
"Erməni Şurası" analitik mərkəzinin prezidenti Areq Koçinyan daha əvvəl BBC-yə müsahibəsində Putinin bəyanatlarını birbaşa təhdid adlandırmışdı.
Onun fikrincə, Rusiya Prezidentinin iki ölkə arasında iqtisadi əlaqələr və erməni xalqı üçün faydalar barədə sözləri Ermənistana mümkün təzyiqlərə, o cümlədən enerji sanksiyalarına işarə kimi qəbul edilə bilər.
Daha sonra, seçkilərdən dərhal əvvəl Rusiya Ermənistan məhsullarının - güllər, konyak, şərab, tərəvəz, qurudulmuş meyvələr, balıq və digər məhsulların idxalına məhdudiyyətlər tətbiq etdi.
Moskva bunu idxal qaydalarının pozulması ilə izah etdi, lakin Avropa Komissiyası bu addımları "iqtisadi məcburetmə" kimi qiymətləndirdi.
"Məncə, Rusiyanın müdaxilə dərəcəsi bir qədər şişirdilir. Əlbəttə, təsir cəhdləri olub və var. Amma Qərb hökumətləri də müdaxilə edir və kifayət qədər açıq şəkildə. Təkcə amerikalı siyasətçilərin bəyanatlarını xatırlamaq kifayətdir (Donald Tramp Paşinyanı açıq şəkildə dəstəkləyib və onu dostu adlandırıb - BBC), - deyə Georgi Derluqyan qeyd edir. - Avropa müdaxiləsi isə daha effektivdir, çünki onların təklif edəcək nəyisə var. Rusiya daha çox təhdid edir, "çubuq" göstərir. Avropa isə "yerkökü" şirnikləndirir, məsələn, vizasız səfərlər vədi ilə cəlb edir".

Şəklin mənbəyi, AFP via Getty Images
Politoloq, sosiologiya professoru Derluqyan baş verənləri dünyada "Sovet İttifaqının dağılmasının ikinci mərhələsi" adlandırır: iki yüz ildən artıq müddət ərzində Rusiya Cənubi Qafqazda əsas siyasi qüvvə olaraq qaldıqdan sonra onun təsiri nəzərəçarpacaq dərəcədə zəifləyib və Ermənistan başqa yollar axtarmağa məcbur olub.
Seçim imkanları isə geniş deyil, üstəlik Ermənistan ABŞ və Qərbi Avropaya nə dərəcədə güvənə biləcəyini də dəqiq bilmir.
"Hazırda biz köhnə dünya nizamının dağıldığı bir vəziyyətdəyik. Bu, həqiqətən heyrətamizdir. Görürük ki, dünyanın ən texnoloji cəhətdən inkişaf etmiş orduları - ABŞ, İsrail və Rusiya - bir neçə illik intensiv hərbi əməliyyatlardan sonra ya heç bir nəticə əldə etməyib, ya da əks nəticə ilə üzləşib.
Buna görə Ermənistan kimi ölkələr üçün bu qlobal burulğanda yeganə çıxış yolu manevr etməkdir. İndi biz hamımız bu manevr prosesini müşahidə edirik və etməyə davam edəcəyik.
Hazırda biz elə bir ölkədəyik ki, burada eyni vaxtda amerikalılar, israillilər və iranlılar, ruslar və ukraynalılar ola bilirlər.
Tarixdə belə təsadüfi şəkildə yaranan mərkəzlərin uzun müddət qalmaq potensialı olur. Əlbəttə, müdafiə siyasəti və ordu lazımdır, diplomatiya lazımdır və ən əsası bir az da bəxt lazımdır", - ekspert deyir.
























