Bəxtiyar Hacıyev "yarımcan vəziyyətdədir"

Çap edildi

Aygül Mehman

BBC News Azərbaycanca

Bəxtiyar Hacıyev

Bazar ertəsi günü ictimai fəal Bəxtiyar Hacıyev Bakı Apellyasiya Məhkəməsinə “başı hərləndiyi və yeriyə bilmədiyi üçün əlil arabasında gətirilib”, vəkilləri BBC-yə bildiriblər.

Bu gün keçirilən məhkəmə onun ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin apellyasiya şikayətini qəbul etməyib.

Vəkilləri 43 gündür həbsdə aclıq edən və beş gündür ki, quru aclığa başladığını açıqlamış Bəxtiyar Hacıyevin səhhətinin “getdikcə pisləşdiyini, hətta yolda qusduğunu” deyiblər.

Vəkili Şəhla Hümbətova BBC-yə bildirib ki, müvəkkili əslində səhhətinə görə məhkəməyə gəlməkdən imtina etsə də, “zorla, aldadılaraq gətirilib”.

Vəkilləri BBC News Azərbaycancaya deyiblər ki, ictimai fəalın ev dustaqlığına buraxılmaqla bağlı şikayət ərizəsi üçüncü dəfədir ki, təmin olunmur.

Bazar ertəsi günü bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində həbs edilmiş bir şirkət rəhbərinin həbsinin ev dustaqlığı ilə əvəzlənməsi fonunda Bəxtiyar Hacıyevə belə bir hüququn tanınmaması ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Siyasi təhlilçi Alya Yaqublu hesab edir ki, bu, hakimiyyətin Bəxtiyar Hacıyevi “daha çox cəzalandırmaq istəyi” ilə bağlıdır.

Ancaq hakim partiya - YAP-dan olan deputat Hikmət Babaoğlu hesab edir ki, Azərbaycanda məhkəmə müstəqil olduğundan “kimi buraxıb-buraxmaması da sırf hüquqi kontekstdə məhkəmənin fəaliyyətinin predmetidir”.

Ombudsman Aparatından bildiriblər ki, Bəxtiyar Hacıyevlə bağlı quruma edilən hər bir müraciətə dərhal baxılır.

"Sonuncu dəfə vəkili Rövşanə Rəhimli bizə müraciət etmişdi, görüşdən imtina verilmişdi. Bizə müraciət etdikdən sonra görüş təmin olundu. Məsələ bizim nəzarətimizdədir", - qurumun mətbuat xidmətindən BBC-yə bildiriblər.

“Yarımcan vəziyyətdədir”

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

“Adam demək olar ki yarımcan vəziyyətdədir. Belə olan halda ev dustaqlığına buraxmamaq onu ölümə tərk etmək deməkdir”, - vəkili Şəhla Hümbətova qeyd edib.

Bir neçə gün əvvəl Bəxtiyar Hacıyevə baş çəkmiş həkim Adil Qeybulla isə bildirib ki, uzun müddət aclıq aksiyası keçirdikdən sonra quru aclığa başlamaq “həyat üçün çox risklidir”.

“Bu, qanda tromblaşma yarada bilər, beyin və ürəkdə qüsurlar yarada bilər. Bu barədə onu məlumatlandırsaq da, bizim dediklərimizə məhəl qoymadı və quru aclığa davam edəcəyini dedi”, - Adil Qeybulla bildirib.

Vəkil Şəhla Hümbətovanın sözlərinə görə, siyasi fəal bu gün keçirilən məhkəməyə gəlmək istəməsə də onu “zorla, aldadaraq” gətiriblər.

“Onu sürüyə-sürüyə, zorla məhkəməyə gətiriblər. Baxmayaraq ki, bizə bildirdi ki, məhkəməyə getməməsi və məhkəmənin onsuz keçirilməsi ilə bağlı müraciət etsə də, onu həbsdə aldadıblar ki, bəs səni hansısa vəkillə görüşə aparırıq və oradan da götürüb məhkəməyə gətiriblər”, - Şəhla Hümbətova vurğulayıb.

Səsləndirilmiş fikirlərlə bağlı, BBC, Ədliyyə Nazirliyindən şərh ala bilməyib.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” maddələri ilə saxlanıb.

O, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Azərbaycan hökuməti ölkədə siyasi həbslərin olmadığını bəyan edib.

Onun vəkilləri ictimai fəalın həbsinin “sifarişli olduğunu” iddia edirlər.

Bəxtiyar Hacıyevin digər vəkili Aqil Layıc vurğulayır ki, ictimai təhlükəsi olmadığı üçün onun həbsdə saxlanması “qanunsuzdur, anti-humanistdir, ədalətsizdir və sifarişlidir”.

Azərbaycanda ev dustaqlığına buraxılma təcrübəsi

Azərbaycanda təqsirlədirilən şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı nümunələr var.

Bazar ertəsi günü yerli media yazıb ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində həbs edilmiş “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun həbsi bu gün ev dustaqlığı ilə əvəzlənib.

“Ona qarşı Cinayət Məcəlləsinin gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə, vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə, vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanmışdı”, - xəbərdə deyilir.

2019-cu ildə Bakı məktəblərindən birində intihar etmiş məktəbli Elina Hacıyevanın işində təqsirləndirilən məktəb direktoru Sevinc Abbasovaya 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası verilmişdi, onun cəzası ev dustaqlığı ilə əvəzlənmişdi.

Yerli medianın yaydığı digər xəbərlərdə, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, eləcə də Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşları - Fərhad Mollazadə və Səlim Əlizadənin həbslərinin ev dustaqlığına dəyişdirilməsi də indiyədək təmin olunmuş vəsatətlər arasındadır.

Hakimiyyət Bəxtiyar Hacıyevi “daha çox cəzalandırmaq istəyir”

Siyasi təhlilçi Alya Yaqublu Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmamasının səbəbini hakimiyyətə qarşı müxalif düşüncəli şəxs olduğu üçün onu “daha çox cəzalandırmaq istəyi” ilə əlaqələndirir.

“Bəxtiyar Hacıyevlə bağlı daha bir cinayət işi açılanda artıq bəlli idi ki, hakimiyyət onu daha uzunmüddətli həbsə məhkum etməyə hazırlaşır. Bəxtiyarın aclığa başlaması həm də ona etiraz idi ki, o, törətmədiyi cinayətdə -başqa bir əməldə ittiham olunmağa başladı və bu isə uzunmüddətli həbs perspektivi deməkdir. Mənim diqqət çəkməyə çalışdığım şey hakimiyyətin niyyətidir. Yəni, ikinci bir cinayət işi açılıb və Bəxtiyar aclığa başlayıb və bu prosesin bu yerində hakimiyyətin geri çəkilmək variantı yoxdur.. Onun ev dustaqlığına buraxılması istintaqın gedişatına problem yarada bilməz və sair bunların hamısı çox ciddi arqumentlərdir. Ancaq hakimiyyət bunu etməyəcək... Daha sərt cəxalandırmaq niyyəti var ikən, onu ev dustaqlığına buraxarlarmı? Buraxmazlar!”

Təhlilçi bundan sonra “Bəxtiyar Hacıyevin durumunu yüngülləşdirəcək hansısa addımların atılacağını gözləmədiyini” vurğulayır.

Lakin o hesab edir ki, cənab Hacıyevə budan sonra məcburi qidalandırma tətbiq edəcəklər.

“Onun ölümünə icazə verəcəklərini düşünmürəm. Bu, hakimiyyətə sərf etməz”, - Alya Yaqublu vurğulayıb.

“Məhkəmə hakimiyyəti hakimiyyətin müstəqil qollarından biridir”

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu BBC-yə deyir ki, Azərbaycanda məhkəmə hakimiyyəti hakimiyyətin müstəqil qollarından biridir və onun kimi buraxıb-buraxmaması da sırf hüquqi kontekstdə məhkəmənin fəaliyyətinin predmetidir.

“Ancaq əlbəttə ki, hər bir Azərbaycan vətəndaşının azadlıqda olması çox yaxşı olardı. Bunun üçün də hər şeydən öncə vətəndaşlar öz davranışlarına görə məsuliyyətlərini düzgün müəyyənləşdirməlidirlər. Hamımız istərdik ki, bu hadisə baş verməsin, aclıq hadisəsi də olmasın. Madam ki, burada hüquqi qaydalar və tələblər var, onun necə olması, nə üçün və hansı formada tətbiq olunması məsələsi hüquq məsələsidir. Sırf insani baxımdan istərdim ki, bu hallar baş verməsin, heç bir halda vətəndaşlar aksiyalar keçirmək hadisəsilə üz-üzə qalmasınlar”.

Hikmət Babaoğlu “hüququn imkan tanıdığı kiçicik bir güzəşt mümkündürsə, çox istərdim ki, Azərbaycan məhkəmələri bunu etsinlər” deyir.

Ancaq Azərbaycanda hər hansı həbsin siyasi motivlərinin olduğunu da düşünmür.

Hökumətin Bəxtiyar Hacıyevlə “prinsip aparması” iddialarına gəlincə, deputat deyir ki, o, Bəxtiyar Hacıyevi hakimiyyətə təhdid yaradacaq, cəmiyyətdəki nizama, kordinal ziyan vuracaq miqyasda nüfuza sahib şəxs hesab etmir.

“Ona görə də hadisənin bu şəkildə qiymətləndirilməsi özlüyündə manipulyasiyadır, özü baş vermiş hadisəyə siyasi don geydirməkdir və mən bunu qəbul etmirəm”, - Hikmət Babaoğlu əlavə edib.