Putinin mətbuat katibi: "Rusiya və Türkiyə regionda təhlükəsizliyə əhəmiyyətli töhfə verə bilərlər"

Putin və Peskov

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Vladimir Putin və onun mətbuat katibi Dmitri Peskov
Çap edildi

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyənin bölgədəki sabitliyi və təhlükəsizliyi təmin edə bilən mühüm geosiyasi oyunçular olduğunu qeyd edib. O, bunu "Rusiya-1" telekanalına verdiyi müsahibədə qeyd edib.

"Rusiya və Türkiyə bölgənin ən iri dövlətləridir və regionumuzda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə əhəmiyyətli töhfə verə bilərlər. Ən azı, müharibələrin qarşısını ala bilərlər", - Peskov deyib.

O, eləcə də iki ölkə arasında əlaqələrin "nəhəng kompleks" halına gəldiyini də qeyd edib.

Müsahibəni aparan jurnalist Vladimir Solovyovun ilin sonunda Putin ilə Erdoğanın bir-birinin ünvanına tərif dolu sözlər demələrinə diqqət çəkməsi ilə bağlı Peskov deyib ki, Rusiya və Türkiyə prezidentlərinin şəxsi münasibətlərinin yüksək səviyyəsi iki ölkə arasında münasibətlərin inkişafına da öz müsbət təsirini göstərir.

"Və bu çərçivədə... fikir ayrılığı, maraq toqquşması baş verərsə, liderlərin konstruktiv münasibəti vəziyyətdən harmoniya əsasında çıxış yolu tapmağa imkan verəcək," - Peskov deyib.

Bundan əvvəl Putin jurnalistlərə müsahibəsində Erdoğanı "sözünün üstündə həmişə duran bir siyasətçi, kişi" kimi səciyyələndirmişdi. Öz növbəsində, Türkiyə lideri də Putinə bənzər bir açıqlama ilə cavab verərək və Rusiya Prezidentini dürüst bir insan hesab etdiyini söyləmişdi.

Dmitri Peskovun sözlərinə görə, Qarabağda döyüşləri dayandırmaq məsələsi ilə Vladimir Putin şəxsən məşğul olub və o, günlərlə telefonu əlindən buraxmayaraq tərəflərlə danışıqlar aparıb.

O qeyd edib ki, bu məsələnin həllinə yalnız Bakı və Yerevanla qarşılıqlı hörmətə əsaslanan xoş və konstruktiv münasibətlərin saxlanması sayəsində nail olmaq mümkün olub.

"Rusiya qan tökülməsinin dayandırılmasında həlledici rol oynayıb," - Peskov "Rusiya 1" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, dünya birliyi 2020-ci ildə Rusiya sərhədləri yaxınlığında aktiv döyüş əməliyyatlarının aparılmasına yol verməməlidir.

"Putinin məsuliyyətli mövqeyi, göstərdiyi səylər əlbəttə ki, çox qiymətlidir, bunları dəyərləndirməmək çox çətindir," - Peskov deyib.

Peskovun sözlərinə görə, həmin dövr ərzində Putinin Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla da təmasları olub.